Yuxarı

Azərbaycan Dövlət Neft Fondunun xərcləri gələn il 35% azaldılacaq

Fondun gəlirləri isə 2,4 dəfə çox həcmdə proqnozlaşdırılır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il üçün hazırlanan büdcə layihəsində gəlirlər 8 370,6 mln. manat, xərclər isə 6 951,3 mln. manat həcmində nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi"ndə bildirilir.

Fondun büdcəsi 2016-cı illə müqayisədə 4 889,1 mln. manat və ya 2,4 dəfə çox proqnozlaşdırılır. Qeyd olunan məbləğin 7 550,7 mln. manatını və ya 90,2%-ni mənfəət nefti və qazın satışından daxilolmalar təşkil edir.

ARDNF-in 2017-ci il üçün büdcəsinin xərcləri isə 6 951,3 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 3 685,0 mln. manat və ya 34,6% azdır.

Fondun xərclərinin 6 100,0 mln. manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 mln. manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənub Qaz Dəhlizi layihələrində Azərbyacanın iştirak payı), 29,3 mln. manatı və ya 0,4%-i Azərbaycan gənclərinin xarici öəlkələrdə təhlisi üzrə Dövlət Proqramlarının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldiləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi