Yuxarı

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən istifadədə nöqsanlar aşkarlanıb

Aşkarlanan qüsurlar Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun işi ilə bağlı olub

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası Dövlət Neft Fondundan (ARDNF) ayrılan vəsaitlərin istifadəsində bir sıra nöqsanlar aşkar edib. “Report”un Palatanın hesabatına istinadən verdiyi xəbərə görə, 2012-2014-cü illərdə ARDNF Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) 899,97 mln. manat məbləğində vəsait köçürüb.

Belə ki, MKSİF tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması, tikintiyə dair texniki-iqtisadi hesablamaların, texniki-iqtisadi əsaslandırmaların dövlət ekspertizasından keçirilməsi təmin edilməyib.

Palata aşkarlayıb ki, satınalma üzrə Tender Komissiyası yaradılsa da, faktiki olaraq işləməyib. Həmçinin, tikinti üzrə avansın istifadə olunmasını əsaslandıran sənədlərinin təqdim edilmədiyi halda 18 məhəllə və qəsəbənin tikintisi üzrə avans ödənişləri edildiyi aşkarlanıb.

Həmçinin, obyektin vaxtında təhvil verilməməsi səbəbindən ARDNF tərəfindən maliyyələşdirilən başa çatmamış tikililərin dəyəri artıb və podratçı təşkilatlar üzrə debitor və kreditor borclar mövcud olub.

Palata tərəfindən təqdim edilən məlumatlara görə, MKSİF tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 36,54 min manat məbləğində vəsait müvafiq qaydada bərpa edilib, 5,7 mln. manat məbləğində debitor borc bağlanıb və 131,364 mln. manat məbləğində əsas vəsait uçota alınıb.

MKSİF-də çalışan 3 vəzifəli şəxsə töhmət verilib, 1 şəxs isə işdən azad edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi