Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il 7% artıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il 7% artıb Bu vəsaitin 95%-i investisiya portfelinin payına düşür
Maliyyə
12 Oktyabr , 2016 15:30
Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il 7% artıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 6,7% artaraq 35 822,1 mln. dollara çatıb. "Report" xəbər verir ki, bu barədə ARDNF-də keçirilən mətbuat konfransında Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. 

Onun sözlərinə görə, bu vəsaitin valyuta ifadəsində 33 949,6 mln. dolları (94,77%) investisiya portfeli, 1 872,5 mln. dolları isə manat hesabının payına düşür. 

Ş.Mövsümov qeyd edib ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Fondun büdcə gəlirləri 6 618,6 mln. manat, büdcə xərcləri isə 3 823, 1 mln. manat təşkil edib. O bildirib ki, hesabat dövründə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867,0 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 13,4 mln. manat, akrhesabı ödənişlər 3,3 mln. manat təşkil edib. 

"Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 mln. manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 2 612,3 mln. manat olub. Hesabat dövrü ərzində ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 mln. manat vəsait ayrılıb", - deyə Fondun icraçı direktoru əlavə edib. 

Ş.Mövsümovun sözlərinə görə, hesabat dövründə 20,8 mln. manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. O bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi üzrə 241,9 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127,0 mln. manat vəsait ayrılıb. Fondun icraçı direktoru əlavə edib ki, 2016-cı il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi