Yuxarı

Azərbaycan Dövlət ​Neft Fondunda yığım səviyyəsi 30%-ə çatıb

Departament müdiri Müşfiq Bayramov: Hazırda Fondun sabitləşdirici funksiyası özünü qabarıq şəkildə göstərir

Bakı. 19 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) sərəncamında olan vəsait nisbəti götürülərsə, 15 illik dövr ərzində Fondun büdcəsinin 30%-i yığıma yönəldilib.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar" mövzusunda jurnalistlər üçün təşkil olunmuş seminarda Fondun Büdcə proqnozlaşdırma və layihələr Departamentinin müdiri  Müşfiq Bayramov bildirib.

"Fond xam neftin qiymətlərinin yüksək olduğu dövrdə pessimist yanaşma tətbiq edib, yəni aşağı qiymət götürməklə yığımın daha çox olmasına şərait yaradıb. Əgər Fondun büdcəsinin icrasının tarixinə nəzər yetirsək, 2008-ci ildə yığım 60%, 2009-cu ildə 36%, 2010-cu ildə 48%, 2011-ci ildə 35%, 2012-ci ildə 24% təşkil edib", - Departament rəhbəri qeyd edib.

M.Bayramovun sözlərinə görə, hazırda isə Fondun yığım səviyyəsi 30%-ə yaxınlaşıb.

Gələn il üçün yığıma vəsaitin yönəldiməməsinə gəlincə isə o qeyd edib ki, ARDNF-in əsas funksiyalarından biri də makroiqtisadi sabitləşdirici funksiyadır, hazırda da neft gəlirlərinin aşağı olduğu dövrdə iqtisadiyyatın sabitləşdirilməsi baxımından Neft Fondunun üzərinə yük düşür.

"Bu yükü Fond həyata keçirməlidir. Bu da Fonddan büdcəyə transfertlər hesabına həyata keçirilir. Yəni hazırda ARDNF-in sabitləşdirici funksiyası qabarıq şəkildə özünü göstərir. Fond iqtisadiyyatın və fiskal siyasətin tərkib hissəsidir. O, fiskal siyasətdən kənarda özünü saxlaya bilməz. Fiskal siyasət və makroiqtisadi sabitlik onu tələb edirsə, Neft Fondu tərəfindən bu vəsait verilməlidir. Əks təqdirdə, dövlət büdcəsi üzrə öhdəliklərin icrasında problem yarana bilər. Hazırkı şəraitdə Dövlət Neft Fondu bufer rolunu oynayır, iqtisadiyyatı neqativ təsirlərdən qoruyur", - ARDNF rəsmisi bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi