Yuxarı

Azərbaycan Dövlət Neft Fondu: Rublun ucuzlaşması Fondun aktivlərinə ciddi təsir etməyəcək

Rusiya rublunun ARDNF-nin investisiya portfelində xüsusi çəkisi 1% təşkil edir

Bakı. 18 dekabr. REPORT.AZ/ Son aylar ərzində Rusiya rublunun dünyanın aparıcı valyutalarına qarşı kəskin dəyərdən düşməsi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə ciddi təsir etməyəcək. Bu barədə "Report"a Fonddan məlumat verilib.

"Dövlət Neft Fondunun investisiya siyasətinə əsasən, onun vəsaitlərinin 50%-ə qədəri ABŞ dolları, 35%-ə qədəri avro, 5%-ə qədəri ingilis funt sterlinqi, digər 10%-i isə Rusiya rublu da daxil olmaqla digər valyutalarda yerləşdirilir. Hazırda Rusiya rublunun investisiya portfelindəki xüsusi çəkisi təxminən 1% təşkil edir", - Fonddan bildirilib. 

Bununla yanaşı, ARDNF-dən qeyd ediblər ki, son vaxtlar Rusiya da daxil olmaqla inkişaf etməkdə olan ölkələrdəki iqtisadi artım tempinin zəifləməsi, habelə regiondakı mövcud geosiyasi risklər rublun və bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarının ABŞ dollarına nisbətdə ucuzlaşması ilə səciyyələnib: "Bu isə öz növbəsində ARDNF-nin Rusiya rublunda ifadə olunan aktivlərinin dəyərinin düşməsinə səbəb olub. Məlum hadisələrin fonunda "Bank VTB"nin səhmlərində yüksək qiymət dəyişkənliyi müşahidə olunsa da, Fondun investisiya strategiyasının da mahiyyətinə uyğun olaraq bu kimi yatırımlar qısamüddətli dövr, spekulyativ məqsədlər üçün deyil, məhz uzunmüddətli dövr üçün nəzərdə tutulur. Bundan başqa qeyd olunmalıdır ki, Rusiyanın maliyyə sektoru üçün yüksək, sistem əhəmiyyəti ilə xarakterizə olunan bankın uzunmüddətli dövrdə ciddi probləmlərlə üzləşməyəcəyi qənaətindəyik".

Rublun ucuzlaşması ilə əlaqədar ARDNF-nin bu valyuta üzrə investisiya siyasətinin dəyişmə ehtimalı ilə bağlı suala isə Fond rəsmiləri bildiriblər ki, hər hansı dəyişiklik olarsa, bu, Fondun investisiya siyasətində yer alacaq: "Hazırda Azərbaycan Dövlət Neft Fondunun Rusiyada yatırımları daşınmaz əmlak və "Bank VTB" ASC-nin də səhmlərinə edilmiş investisiyalardan ibarətdir. ARDNF hər hansı bir yeni maliyyə alətinə və valyutaya yatırımları, o cümlədən mövcud istiqamətlərdə müvafiq investisiyaların artırılıb və ya azaldılmasına aid məsələləri ümümi investisiya portfelinin risk-gəlirlilik profili çərçivəsində nəzərdən keçirir. Bununla əlaqədar bütün əlavə və dəyişikliklər Fondun illik olaraq təsdiqlənən İnvestisiya Siyasətində yer alır və ictimaiyyətə vaxtlı-vaxtında bu barədə məlumatlar çatdırılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi