Yuxarı

Azərbaycan Dövlət Neft Fondu Londondakı əmlakından 3 ilə 27 mln. funt sterlinq qazanıb

Hazırda bu əmlakın bazar dəyəri 213 mln. funt sterlinq məbləğində qiymətləndirilir

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildə əldə etdiyi və dəyəri 177,350 mln. funt sterlinq olan Londonun Seynt Ceyms,78 ünvanında yerləşən daşınmaz əmlak aktivinin icarəyə verilməsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 mln. funt sterlinq məbləğində gəlir əldə edib. "Report" xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.

Qeyd olunub ki, hazırda bu əmlakın bazar dəyəri 213 mln. funt sterlinq məbləğində (daşınmaz əmlak üzrə beynəlxalq məsləhətçi şirkət olan “Knight Frank” tərəfindən 2015-ci ilin sonuna olan qiymətləndirməyə əsasən) qiymətləndirilir ki, London daşınmaz əmlak bazarının yüksək likvidliyi də nəzərə alınaraq bu aktivi ən qısa zamanda göstərilən qiymətə reallaşdırmaq mümkündür.

Ümumilikdə, 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30%-dən yüksəkdir (orta illik gəlirlilik təqribən 10% təşkil edib).

Qeyd edək ki, bu ofis kompleksini ARDNF 2012-ci ilin dekabrında alıb və bu, Fondun daşınmaz əmlaka ilk investisiya yatırımıdır. Binanın alqı-satqı prosesində satıcı qismində “Deutsche Bank”ın vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti "RREEF Real Estate", Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi "Clifford Chance", broker qismində isə "Jones Lang LaSalle" şirkəti çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi