Yuxarı

Azərbaycan Dövlət Neft Fondu I rübdə məzənnə dəyişməsindən 354 mln. manat qazanıb

Cənub Qaz Dəhlizi layihəsi üzrə Fondun xərcləri 242 mln. manat olub

Bakı. 20 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2 023,1 mln. manat, büdcə xərcləri isə 1 946,7 mln. manat təşkil edib. 

Fonddan "Report"a verilən məlumata görə, I rübdə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874,3 mln. manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 1 869,8 mln. manat, bonus ödənişləri 0,1 mln. manat və tranzit gəlirləri 4,4 mln. manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar gəliri 354,1 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmiryolu layihəsinin maliyyələşdirilməsinə 2,4 mln. manat ayrılıb. 

Hesabat dövründə 5 mln. manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. 

"Cənub Qaz Dəhlizi" layihəsi üzrə isə 241,9 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi