Azərbaycan Dövlət Neft Fondu "Cənub Qaz Dəhlizi"nə 737 mln. dollar ayırıb

Azərbaycan Dövlət Neft Fondu "Cənub Qaz Dəhlizi"nə 737 mln. dollar ayırıb "Cənub Qaz Dəhlizi" QSC-də dövlət payının maliyyələşdirilməsi üçün Fond tərəfindən 686 mln. dollar köçürülüb
Maliyyə
9 Mart , 2016 14:27
Azərbaycan Dövlət Neft Fondu Cənub Qaz Dəhlizinə 737 mln. dollar ayırıb

Bakı. 9 mart. REPORT.AZ/ Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün "Cənub Qaz Dəhlizi" QSC-yə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) 2014-2015-ci illər ərzində ümumilikdə 736,9 mln. dollar və yaxud 732,8 mln. manat həcmində vəsait yönəldilib. "Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, 2015-ci ildə QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Neft Fondu tərəfindən 692,8 mln. manat və yaxud 685,9 mln. dollar məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb və bu maddə üzrə icra büdcədə nəzərdə tutulana nisbətən (997,016 mln. manat) 69,5% təşkil edib.

"Cənub Qaz Dəhlizi" QSC-nin məlumatına əsasən, TANAP layihəsi üzrə şirkətə məxsus 30% payın "BOTAŞ"a və 12%-in BP şirkətinə satılmasından 2015-ci ilin aprel ayında əldə edilmiş 265,6 mln. dolların layihələrin maliyyələşdirilməsinə yönəldilməsi, habelə bir sıra işlərin sonrakı illərə keçirilməsi səbəbindən büdcədə nəzərdə tutulan vəsaitin 304,2 mln. manatı sifariş edilməyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il Sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Son xəbərlər

Orphus sistemi