Yuxarı
    Bağlamaq

    Azərbaycan dövlət büdcəsinin məxarici I rübdə 50% artıb

    Son nəticədə, büdcədə 321 mln. manatlıq kəsir yaranıb

    Bakı. 28 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin mədaxili 3 591,5 mln. manat (proqnozdan 3,4% çox), məxarici isə 3 912,7 mln. manat (proqnozdan 4,5% az) olub. Son nəticədə, büdcədə 321,2 mln. manat məbləğində kəsir yaranıb. Ötən ilin I rübü ilə müqayisədə mədaxil 2,4% azalıb, məxaric isə 49,5% artıb. Qeyd edək ki, ötən ilin ilk rübündə büdcə 1 054,6 mln. manat profisitlə icra olunub. 

    Bu barədə “Report”a Maliyyə Nazirliyindən bildirilib.

    Məlumatda deyilir ki, ilin ilk 3 ayında Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8% icra edilməklə büdcəyə 1 420,8 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 67,2%-i və yaxud 954,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.

    Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən isə proqnoza 117,5% əməl edilərək büdcəyə 571 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37% və yaxud 154,1 mln. manat çoxdur.

    Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 62,6 mln. manat təşkil edib. Bundan isə büdcəyə 12,1 mln. manat vəsait daxil olub.

    Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) isə büdcəyə 1 525,0 mln. manat vəsait transfert edilib.

    Hesabat dövründə büdcə xərclərinin 41,8%-i və yaxud 1 635,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% və ya 209,0 mln. manat çoxdur.

    Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 676,1 mln. manat, o cümlədən Naxçıvan MR-da həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 mln. manat vəsait yönəldilib.

    Hesabat rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 5 649,6 mln. manat, xərcləri isə 6 752,7 mln. manat olmaqla icra edilib. İcmal büdcənin kəsiri 1 103,1 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi