Yuxarı

​Azərbaycan dövlət büdcəsində vergi komponentinin rolunu artırır - TƏHLİL

Azərbaycanın 2016-cı il dövlət büdcəsində vergi daxilolmalarının payının 45%-ə çatacağı gözlənilir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində məcmu mədaxilin strukturunda vergi daxilolmalarının xüsusi çəkisi 2015-ci ilin analoji proqnozuna nisbətən 9 faiz bəndi, gözlənilən icraya nisbətən isə 4 faiz bəndi artaraq 45%-ə çatacağı gözlənilir.

"Report"un analitik qrupunun büdcə layihəsi ilə bağlı apardığı araşdırmaya əsasən, gələn il büdcənin gəlir və xərclər hissəsində ciddi azalma olacaq. Belə ki, mədaxil 2015-ci ilin proqnozu ilə müqayisədə 25,1%, gözlənilən icra ilə müqayisədə isə 14,7% azdır: "Lakin real şəkildə, yəni həyata keçirilən devalvasiyanın təsirini nəzərə alsaq, dolların əvvəlki ekvivalentində olan qiymətlərlə müqayisədə azalma 2015-ci ilin proqnozundan 44%-dir".

"Buna baxmayaraq, vergi daxilolmaları cəmi 7,2% - 6,602 mlrd. manatadək azaldılıb, vergi daxilolmalarının büdcə gəlirlərində payı isə 45%-ə yüksəlib. Halbuki, 2015-ci il üçün bu göstərici 36%, gözlənilən icra isə 41% səviyyəsində proqnozlaşdırılır. 2014-cü ildə isə vergi daxilolmalarının büdcə gəlirlərində xüsusi çəkisi 38,6% olub. Bu da vergi siyasətinin sərtləşdirilməsi deməkdir və iqtisadi böhran şəraitində qənaətbəxş hesab edilmir", - deyə ekspertlər qeyd edib.

Bununla yanaşı, 2016-cı ildə Dövlət Neft Fondundan büdcəyə transfert 6 mlrd. manat həcmində nəzərdə tutulub ki, bu da 2015-ci ilin analoji proqnozundan 42,2%, builki faktiki gözləntidən 26,2% azdır. Lakin 2014-cü il ilə müqayisədə isə azalma 35,7% ola bilər. Devalvasiya da nəzərə alınmaqla real azalma 57% olacaq.

Qeyd edək ki, gələn il üçün büdcə kəsiri 1,698 mlrd. manat həcmində proqnozlaşdırılır və bu, ÜDM-in 2,9%-nə bərabərdir və Maastrixt kriteriyalarından (3%-dək) aşağıdır.

Büdcə xərclərinin ÜDM-ə nisbətinin 27,8% təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, inkişaf etməkdə olan ölkələr üçün bu göstərici 20-30% arasında dalğalanır.

Dövlətin daxili və xarici borclarının ödənilməsi ilə bağlı xərclər 2016-cı ilin büdcə layihəsində 1,250 mlrd. manat nəzərdə tutulub ki, bu da ümumi xərclərin 7,7%-ni təşkil edir. Qeyd edək ki, 2015-ci ilin gözlənilən büdcə icrasında eyni göstəricinin 3,9% olması ehtimal edilir.

Digər tərəfdən, büdcə xərclərinin azalmasına baxmayaraq, gələn il Azərbaycanda müdafiə xərclərinin artdığı nəzərə çarpır. Müdafiə xərcləri 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 4,4% artaraq 1,838 mlrd. manata çatdırılacaq və ümumi büdcə məxaricində payı 11,2%-ə yüksəlib (bu il 9,9% gözlənilir).

Dövlət əsaslı vəsait qoyuluşu 2015-ci ilin proqnozu ilə müqayisədə 48,7%, gözlənilən icra ilə müqayisədə isə 16,2% azalaraq 3,555 mlrd. manat nəzərdə tutulub. Bu vəsaitlərin ÜDM-də xüsusi çəkisi 12,4%-dən 6,4%-dək azaldılıb (bu il gözlənilən icrada - 7,6%).

Qeyd edək ki, dövlət əsaslı vəsait qoyuluşu Azərbaycan iqtisadiyyatının bünövrəsini təşkil edir və bu göstəricinin təxminən iki dəfə azaldılması iqtisadi artıma və əhalinin pul gəlirlərinin artmasına ciddi neqativ təsir edəcək.

Sosial müdafiə və sosial təminat xərclərinin 2016-cı ildə builki proqnozla müqayisədə 6,2% azalaraq 1,897 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Bu azalmanın səbəbi isə pensiya yaşının gözlənilən artırılması ilə bağlı ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi