Azərbaycan bu il hərbi xərclərini 5% artırıb

Azərbaycan bu il hərbi xərclərini 5% artırıb Dövlət büdcəsindəki kəsir 2014-cü ildəki profisit hesabına maliyyələşib
Maliyyə
14 İyul , 2015 11:57
Azərbaycan bu il hərbi xərclərini 5% artırıb

Bakı. 14 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricilərinin icrası müsbət qiymətləndirilə bilər. Belə ki, birinci yarımildə dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2% yerinə yetirilməklə 7,807 mlrd. manat vəsait təmin edilib. "Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə büdcə gəlirləri 4,246 mlrd. manat və yaxud proqnoza nisbətən 29,0 mln.manat (0,7%) çox icra olunub.

"Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 100,2% yerinə yetirilməklə büdcəyə 3,329 mlrd. manat vəsait təmin edib. Həmin vəsaitin 68,3%-i və ya 2,275 mlrd. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz bəndi çoxdur. Proqnoza 100,3% əməl edən Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 765 mln. manat daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çox deməkdir. Neft Fondundan büdcəyə 3,562 mlrd. manatlıq transfert daxil olub", - deyə S.Şərifov qeyd edib.

Onun sözlərinə görə, dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisit hesabına maliyyələşib, 2015-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 771 mln. manat bu məqsədə yönəldilib.

S.Şərifov bildirib ki, bu dövrdə dövlət büdcəsinin xərcləri 8,578 mlrd. manat təşkil edib və yaxud proqnoza nisbətən 85% icra olunub.

Sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6%-i və yaxud 2,25 mlrd. manatı yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201 mln.manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 mln.manat, Dövlət Neft Fondunun büdcəsindən 90 mln. manat vəsait ayrılıb.

Nazir bildirib ki, ölkənin müdafiə qabiliyyətinin və hərbi potensialının artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlətin ən ümdə vəzifəsi kimi gündəmdə qalır. Bu məqsədə 2015-ci ilin ilk altı ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% çox vəsait yönəldilib.

Cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3,102 mlrd. manat təşkil edib. Həmin vəsaitin 1,656 mlrd. manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1,150 mlrd. manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunub.

O qeyd edib ki, dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkədə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 mln.manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 mln. manat investisiya qoyulub.

Son xəbərlər

Orphus sistemi