Azərbaycan Beynəlxalq Bankının “Pensiya+” xidmətinə 7 minə yaxın pensiyaçı qoşulub

Azərbaycan Beynəlxalq Bankının “Pensiya+” xidmətinə 7 minə yaxın pensiyaçı qoşulub Yaxın gələcəkdə tərəfdaş müəssisələrin sayının daha da artırılması nəzərdə tutulur
Maliyyə
23 Yanvar , 2017 13:17
Azərbaycan Beynəlxalq Bankının “Pensiya+” xidmətinə 7 minə yaxın pensiyaçı qoşulub

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə birgə layihəsi olan “Pensiya+” xidmətinə maraq getdikcə artır. "Report" bu barədə Banka istinadən xəbər verir: "Bu xidmətə qoşulan pensiyaçıların sayı ötən il 7 minə yaxın olub".

“Pensiya+” əmək pensiyaçılarına öz kartlarından nağdsız ödənişlər etməyə imkan yaradan xidmətdir. ABB-nin bütün pensiya kart sahibləri bu xidmətdən faydalana bilər. Xidmətə qoşulmaqla pensiyaçı hər ay minimum 100 manat, maksimum pensiya məbləği qədər və aylıq yenilənən faizsiz kredit limiti əldə edir. Eyni zamanda, müştərinin müraciəti əsasında bu məbləğ artırıla da bilər. Ayrılmış kredit limitindən Bankın tərəfdaşlıq etdiyi ticarət və xidmət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin ABB-nin bankomatları və rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə etmək olar.

Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən tutulur. Borc tam ödənildikdən sonra isə kredit limiti yenidən aktivləşdirilir. Xidmət pulsuzdur, müştəridən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Hazırda paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərən 150-dən çox ticarət və xidmət müəssisəsi ABB-nin “Pensiya+” xidmətinə qoşulub. Yaxın gələcəkdə tərəfdaş müəssisələrin sayının daha da artırılması nəzərdə tutulur.

"Xidmətin ən böyük faydalarından biri pensiyaçı vətəndaşlarda nağdsız ödəniş vərdişləri aşılamasıdır. Pensiyaçılar arasında internet vasitəsilə elektron ödənişlərin həyata keçirilməsi meyllərinin getdikcə artması da ölkədə informasiya cəmiyyətinin inkişafı, yaşlı və gənc nəsil arasında rəqəmsal fərqin aradan qalxması baxımından önəmlidir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda pensiyaların plastik kartlarla ödənilməsinə ilk dəfə 2004-cü ildə ABB tərəfindən başlanılıb.

Son xəbərlər

Orphus sistemi