Azərbaycan Beynəlxalq Bankının aktivləri 32% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri 32% artıb Son bir ildə Bankın depozit portfeli 76% artıb
Maliyyə
11 Noyabr , 2016 17:34
Azərbaycan Beynəlxalq Bankının aktivləri 32% artıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) cəmi aktivləri 2016-cı il iyulun 1-nə 14,192 mlrd. manat təşkil edib. "Report" Bankın audit hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9% çoxdur.

ABB-nin aktivlərinin 36,2%-ni və yaxud 5,136 mlrd. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 45,1% azalıb.

Bankın "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına idarəetməyə verdiyi aktivlərin həcmi isə 2,842 mlrd. manat olub. Bu, onun ümumi aktivlərinin 20%-i qədərdir.

İl ərzində ABB-nin cəmi öhdəlikləri isə 33,1% artaraq 13,623 mlrd. manat təşkil edib. Bunun 60%-i və yaxud 8,175 mlrd. manatı Bankın depozit portfelidir. Bu göstərici illik müqayisədə 75,5% artıb.

Maliyyə qurumunun cəmi kapitalı isə son bir ildə 9% artaraq 569 mln. manata çatıb.

Bu ilin birinci yarısında ABB-nin xalis faiz zərəri 66 mln. manat, xalis qeyri-faiz zərəri 96 mln. manat təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 162 mln. manat olub.

Hesabat dövründə ABB-nin əməliyyat xərcləri 82 mln. manat təşkil edib. Beləliklə, Bankın vergiyəqədərki zərəri 244 mln. manat olub.

İlk yarımillikdə ABB 29 mln. manat gəlir vergisi ödəyib və bu dövrü 323 mln. manat xalis zərərlə başa vurub. Bu isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə azdır.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdan artıqdır. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi