Yuxarı

Azərbaycan Beynəlxalq Bankı səhmdarlara müraciət edib

ABB-nin səhmdarları Mərkəzi Depozitarda depo hesabının açılması üçün Bankın baş ofisinə müraciət etməlidir

Bakı. 28 avqust.REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) səhmdarlarına müraciət ünvanlayıb. Məlumatda deyilir ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunun qüvvəyə mindiyi tarixdən etibarən səhmlərin mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları ləğv edilib. Həmin şəxslər 2015-ci il sentyabrın 15-dək apardıqları reyestrləri Mərkəzi Depozitara təhvil verməlidir.

"Report"un verdiyi xəbərə görə, müraciətdə ABB-nin səhmdarlarının adına Mərkəzi Depozitarda depo hesabının açılması üçün səhmdarların ən qısa müddətdə şəxsiyyət vəsiqələri ilə Bankın Nizami küçəsi,67 ünvanında yerləşən əsas binasına iş günləri saat 10:00-dan 17:00-dək müraciət etməli olduqları bildirilir.

Qeyd edək ki, 15 iyul 2015-ci il tarixində “Qiymətli kağızlar bazarı haqqında” qanun qüvvəyə minib. Bununla əlaqədar, qanun qüvvəyə mindiyi tarixdən etibarən səhmlərin mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları ləğv edilib.

Bundan başqa, yeni qanunla səhmdarlara verilən adi adlı səhmlərin sertifikatı etibarsız hesab edilir, səhmlər sənədsiz formaya dəyişdirilir və səhmdarların reyestri Mərkəzi Depozitar tərəfindən aparılır. Sənədsiz qiymətli kağızların mülkiyyətçiləri depozitar sistemində depo hesabına malik olmalıdır və həmin depo hesabından çıxarış səhmlərə mülkiyyət hüququnu təsdiqləyən yeganə hüquqi sənəddir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi