Azərbaycan Beynəlxalq Bankı Rusiyanın "Qazprombank" ilə əməkdaşlıq sənədi imzalayıb

Azərbaycan Beynəlxalq Bankı Rusiyanın "Qazprombank" ilə əməkdaşlıq sənədi imzalayıb Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Rusiyanın “Qazprombank”ı arasında əməkdaşlıq sənədi imzalanıb.
Maliyyə
30 May , 2019 16:37
Azərbaycan Beynəlxalq Bankı Rusiyanın Qazprombank ilə əməkdaşlıq sənədi imzalayıb

Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Rusiyanın “Qazprombank”ı arasında əməkdaşlıq sənədi imzalanıb. 

Bu barədə “Report”a ABB-nin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfdən sənədi Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, Rusiya tərəfdən isə Bankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous imzalayıb. 

Sənəddə ölkəmizdə həyata keçirilməsi planlaşdırılan bir sıra investisiya və digər kommersiya layihələrində birgə iştirak məsələləri nəzərdə tutulur. Neft-kimya, neft-qaz emalı sənayesi, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. bu kimi sahələrdə biznes layihələrinə maliyyə dəstəyi əməkdaşlığın prioritet istiqamətlərinə daxildir. Bundan başqa, banklar bu əməkdaşlıq çərçivəsində maliyyə məsləhətçiliyi xidmətləri, kapital bazarlarında iştirak, Azərbaycan və Rusiya arasında milli valyutalarda hesablaşmaların inkişaf etdirilməsi və s. bu kimi məsələlərə də diqqət göstərəcəklər. ABB-nin Rusiyadakı törəmə müəssisəsi olan ABB-Moskvanın da bu əməkdaşlıq çərçivəsində "Qazprombank"la müəyyən layihələrdə birgə iştirakı nəzərdə tutulur.

A.İbrahimov bankın xarici maliyyə institutları ilə əlaqələrin inkişafına mühüm önəm verdiyini bildirib: “Biz xarici əlaqələrimizi daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışırıq. Azərbaycanla Rusiya arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. ABB ilə "Qazprombank" arasında tərəfdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələrimiz, ümid edirik ki, bu əlaqələrə öz töhfələrini verəcək”.

A.Belous isə deyib: “Azərbaycan MDB məkanının ən dinamik inkişaf edən ölkələrindən biridir. Qazprombank bu ölkə ilə uzunmüddətli işgüzar əlaqələrə və dost münasibətlərinə malikdir. Azərbaycan Beynəlxalq Bankı ilə geniş əhatəli maliyyələşdirmə layihələrinin həyata keçirilməsi təcrübə mübadiləsinə imkan verəcək və inkişaf üçün yeni fürsətlər yaradacaq”.

Müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi