Yuxarı

Azərbaycan Beynəlxalq Bankı "Backbase" şirkəti ilə əməkdaşlığa başlayıb

Müqavilə elektron bankçılıq sahəsində əməkdaşlıq əlaqələrini nəzərdə tutur

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bank texnologiyaları sahəsində dünya liderlərindən olan "Backbase" şirkəti (Hollandiya) arasında müqavilə imzalanıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, "SİBOS 2016" beynəlxalq sərgi-konfransı çərçivəsində imzalanmış müqavilə elektron bankçılıq sahəsində əməkdaşlıq əlaqələrini nəzərdə tutur. Müqaviləni ABB tərəfdən Bankın İdarə Heyəti sədrinin müavini Ülvi Mansurov, "Backbase" şirkəti tərəfindən isə icraçı direktor Juk Plyayter (Jouk Pleiter) imzalayıb.

Proqram təminatlarının yaradılması ilə məşğul olan "Backbase" şirkətinin əsas missiyası müştərilərlə qarşılıqlı əlaqə sisteminin yaradılması, idarə edilməsi, optimallaşdırılması və təhlükəsizliyi məsələlərində maliyyə institutlarına dəstək verməkdir. Müqavilə çərçivəsində "Backbase" şirkəti ABB-yə də elektron bankçılığın inkişaf etdirilməsində kömək göstərəcək.

"Özünün yeni fəaliyyət strategiyasına uyğun olaraq rəqəmsal bankçılıq texnologiyalarının geniş tətbiqini planlaşdıran Bank müştərilərlə əlaqə kanallarını modernləşdirəcək. "Backbase" şirkəti tərəfindən yaradılan elektron bankçılıq proqram təminatı “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə yanaşı, törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı-Moskva”nın da fəaliyyətində tətbiq olunacaq", - deyə məlumatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi