Yuxarı

​Azərbaycan banklarının fond bazarına marağı artıb

Bu, dövlət istiqrazlarının kreditlərlə müqayisədə daha gəlirli olması ilə bağlıdır

Bakı. 3 iyun. REPORT.AZ/ Hazırda Azərbaycanda kredit verməyən bir sıra kommersiya bankları Maliyyə Nazirliyinin formalaşdırdığı fond bazarının aktiv iştirakçılarıdır. Bu barədə "Report"a kapital bazarındakı mənbədən məlumat verilib.

Yerli ekspertlərin sözlərinə görə, banklar cəlb etdiyi vəsaiti kredit kimi verməkdənsə, fond bazarına investisiya kimi yönəltməyi üstün tutur: "Dövlət xətti ilə buraxılan qısamüddətli və uzunmüddətli istiqrazların zamini qismində dövlət çıxış edir, yəni pulun batma risk yoxdur. Üstəlik, bu qiymətli kağızların gəlirliliyi kifayət qədər yüksəkdir, bəzən isə hətta illik 20%-ə çatır. Halbuki, bank 20%-lə kredit verərsə, bunun effektiv gəlir faizi təxminən 10% olacaq. Eyni zamanda, kreditin vaxtında qaytarılmaması riski mövcuddur. Bu səbəbdən də banklar Maliyyə Nazirliyinin istiqrazlarını həvəslə alır".

Ekspertlər əlavə ediblər ki, dövlət istiqrazlarına pul yatıran hüquqi şəxslərin 80-90%-i kommersiya bankları, qalanı isə sığorta şirkətləridir: "Sığortaçılar bu bazarda ona görə aktiv deyillər ki, onların əksəriyyəti bankların törəməsidir və öz pullarını elə eyni holdinqdə təmsil olunduqları banklarda saxlayır. Banklar törəmə qurumlarını fond bazarına buraxmaqdansa, özləri bu bazarda fəal iştirak etməyə üstünlük verir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi