Yuxarı
    Bağlamaq

    ​Azərbaycan bankları depozitlər üzrə faizləri azaldır - İCMAL

    Report: Banklar xarici valyutanı konvertasiya edərək manatla kredit vermək riskinə getmir

    Bakı. 4 may. REPORT.AZ/ Son vaxtlar Azərbaycanın bank sektorunda cəlb olunan əmanətlər üzrə gəlirlilikdə ciddi faiz dəyişiklikləri müşahidə olunur. Belə ki, əgər əvvəllər yerli və xarici valyutada yerləşdirilən depozitlər üzrə təxminən eyni faizlər ödənilirdisə, bu ilin fevral ayında həyata keçirilən manatın 34%-lik devalvasiyasından sonra banklar valyuta əmanətləri üzrə gəlirliliyi tədricən azaltmağa başlayıb.

    "Report"un bazarda apardığı ilkin müşahidələr nəticəsində məlum olub ki, bu gün Azərbaycanın bank sektorunda fəaliyyət göstərən aparıcı bankların əmanətlər üzrə ödədiyi faizlər (gəlirlilik) depozitin müddətindən asılı olaraq aşağıdakı kimi dəyişir:

    Banklar USD depozitləri üzrə gəlirlik (%, illik) AZN depozitləri üzrə gəlirlik (%, illik)
    Access Bank 3-6 12-15
    AFB Bank 3,5-6,5 4-7
    AG Bank 4-8,5 1-13,5
    Bank of Baku 6-8 3-13
    Bank Respublika 7-8 6,5-13,5
    Unibank 2,5-10 14-17
    Xalq Bank 1,5-6 1,5-6
    YapıKredi Bank Azerbaijan 2-5 12

    Maraqlıdır ki, manat əmanətlərinə görə ödənilən faizlər hətta Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi maksimal (illik 12%) həddini də üstələyib. Buna səbəb isə ölkənin maliyyə bazarında yaranan manat qıtlığı ilə bağlıdır. Fiziki şəxslərin əksəriyyəti əmanətlərini xarici valyutaya konvertasiya edərək yenidən əmanət kimi banka yatırıb. Devalvasiyadan əvvəl xarici valyutada əmanətlərə ödənilən faizlərlə manat əmanətlərinə ödənilən faizlər arasında ciddi fərq olmasa da, cədvəldən göründüyü kimi, hazırda banklar xarici valyuta depozitləri üzrə gəlirliliyi xeyli aşağı salıb.

    "Report"un analitik qrupunun fikrincə, bazarda yaranmış bu vəziyyətin səbəbi onunla bağlıdır ki, hazırkı mərhələdə kommersiya banklarının xarici valyutada əmanətlərə ehtiyacı azdır. Bu da müştərilərin xarici valyutada olan kreditlərə tələbatının kəskin azalması və növbəti devalvasiya ehtimalı fonunda bankların kreditləşməni manatla aparmaq istəməməsi ilə əlaqəlidir. Yəni banklar onların sərəncamında olan xarici valyutanı konvertasiya edərək milli valyutada kredit vermək riskinə getmir.

    Nəticədə yaranmış vəziyyət bankların fəaliyyətinə ciddi ziyan vurur. Çünki Azərbaycanda bankların əsas gəlirləri məhz kreditləşmədən formalaşıb. Lakin əhali və korporativ müştərilər əsasən manat kreditlərinə maraq göstərir, banklar isə xarici valyutada toplanan depozit bazasının yerləşdirilməsində maraqlıdır.

    "Report"un analitikləri qeyd edirlər ki, hazırkı vəziyyətin cari ilin sonuna qədər davam edəcəyi gözlənilir: maliyyə sistemində dəyişiklik yoxdur, neftin qiymətinin yüksəlməsi isə kiminsə qərarını dəyişməsi üçün yetərli deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi