Azərbaycan avtomobillərin sərhəd sığortasının tətbiqinə başlayır

Azərbaycan avtomobillərin sərhəd sığortasının tətbiqinə başlayır Azərbaycanda avtomobillərin icbari sığortası üç formada həyata keçiriləcək
Maliyyə
27 Dekabr , 2014 13:37
Azərbaycan avtomobillərin sərhəd sığortasının tətbiqinə başlayır

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda qeydə alınmış və ölkəyə daxil olan avtomobillərin icbari sığortası üç formada həyata keçiriləcək. Bundan sonra Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqaviləsi "Standart sığorta", digər ölkədə qeydiyyatdan keçmiş və Azərbaycan ərazisinə daxil olarkən sürücü tərəfindən Yaşıl Kart təqdim edilməyən avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan sığorta müqaviləsi "Sərhəd sığortası", Yaşıl Kart təqdim edildikdə isə "Azərbaycan Yaşıl Kartı" adlandırılacaq.

"Report" xəbər verir ki, Azərbaycan prezidentinin fərmanı ilə "Yaşıl sığorta" sisteminin Azərbaycanda tətbiq edilməsi ilə əlaqədar olaraq "İcbari sığortalar haqqında" qanuna əlavə və dəyişikliklər edilib. Qanuna əlavə edilən 50.1, 50.2 və 55-ci maddələr avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni şərtlər müəyyən edib.

Belə ki, sığortaçılar bu sığorta növü üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar reysterinə daxil edilməlidir.

Bununla yanaşı, adları sadalanan sığorta növləri üzrə bağlanan müqavilələrin müddəti müəyyənləşdirilib. Əgər əlavə şərtlər nəzərdə tutulmazsa "Standart sığorta müqaviləsi" 12 aylıq, "Sərhəd sığorta müqaviləsi" və "Azərbaycan Yaşıl Kartı" 1, 3, 6 və 12 aylıq bağlanır. Hər üç icbari sığorta əlavə hallar olmadığı təqdirdə bağlandığı andan qüvvəyə minir.

Xatırladaq ki, "İcbari sığortalar haqqında" qanuna edilən əlavə və dəyişikliklər 2014-cü il dekabrın 25-də qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi