Azad Cavadov: "Əmanətlərin Sığortalanması Fondu əlavə borclanmaya getməyəcək"

Azad Cavadov: "Əmanətlərin Sığortalanması Fondu əlavə borclanmaya getməyəcək" Fondun kifayət qədər vəsaiti var və əlavə kredit ayrılması üçün Mərkəzi Banka müraciət olunmayacaq
Maliyyə
17 Avqust , 2016 16:51
Azad Cavadov: Əmanətlərin Sığortalanması Fondu əlavə borclanmaya getməyəcək

Bakı. 17 avqust. REPORT.AZ/ "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) kifayət qədər vəsaiti var və ADİF əlavə kreditin ayrılması üçün Mərkəzi Banka müraciət etməyi planlaşdırmır." 

Bunu "Report"a ADİF-in icraçı direktoru Azad Cavadov bildirib. 

"Sığorta hadisəsi qeydə alınan daha iki bank -"Atrabank" və "Qafqaz İnkişaf Bankı"nda qorunan əmanətlərin və kompensasiya ödənişlərinin məbləği 3 günə dəqiqləşəcək. Buna baxmayaraq indidən demək olar ki, kompensasiya ödənişi üçün Fondun Mərkəzi Bankdan əlavə vəsait cəlbinə ehtiyac yoxdur. Çünki əvvəlcədən 3 bank - "United Credit Bank", "Atrabank" və "Qafqaz İnkişaf Bankı" üçün 20 mln. manat həcmində vəsait ayırmışdıq", - deyə A.Cavadov qeyd edib.

Ümumiyyətlə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust tarixli qərardadı ilə “Qafqaz İnkişaf Bankı” və “Atrabank” ASC-lər müflis elan olunub və ADİF həmin tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb. Həmin tarix bu iki bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, ADİF "Parabank", "Kredobank", "Dekabank" və "Zaminbank" ASC-lərdə ötən ay baş verən sığorta hadisəsindən sonra Mərkəzi Bankdan 100 mln. manat həcmində vəsaitin cəlbi üçün müraciət edib və iyulun 29-da Maliyyə Nazirliyinin kollegiyası kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib. Bundan əvvəl isə Fond Mərkəzi Bankdan 22 mln. manat vəsait cəlb edib.

Son xəbərlər

Orphus sistemi