Yuxarı

​Azərbaycanda gələn il iqtisadi artım 4,4% səviyyəsində proqnozlaşdırılır

Bu il isə iqtisadi artımın 3,6% səviyyəsində olacağı gözlənilir

Bakı. 14 oktyabr. REPORT.AZ/. Bu il Azərbaycanda ÜDM istehsalının 59,0 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,6% real artım deməkdir. “Report”un Maliyyə Nazirliyinə istinadən xəbər verdiyi kimi, bu barədə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrində göstərilir.

Neft sektoru üzrə ÜDM həcminin 2,2% azalması ilə bağlı proqnozlarına baxmayaraq, qeyri-neft sektorunda 8,1% artım gözlənilir. İlin sonunadək ÜDM-in strukturunda neft-qaz sənayesi istisna olmaqla, digər sahələrdə artım gözlənilir. Həmçinin, 2014-cü ilin sonuna əsas kapitala yönəldilən ümumi investisiyaların həcminin 18,9 mlrd. manat olacağı (ötən illə müqayisədə daxili investisiyalar üzrə 3,0%, xarici investisiyalar üzrə isə 13,3% artım) gözlənilir. Əsas kapitala yönəldilən ümumi investisiyaların 5,7 mlrd. manatının neft sektoruna, 13,1 mlrd. manatının isə qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Bu ilin sonuna əhalinin gəlirlərinin ötən ilə nisbətən 5,4% artaraq 40,5 mlrd. manata çatacağı proqnozlaşdırılır.

Eyni zamanda, iqtisadi və sosial inkişaf konsepsiyasına və makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2015-ci ildə real iqtisadi artım 4,4% olmaqla, ÜDM istehsalı bazar qiymətləri ilə 59,8 mlrd. manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM 39,5 mlrd. manat və ya 8,2% real artımla proqnozlaşdırılır. ÜDM-in tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 65,1% həddində proqnozlaşdırılır ki, bu da 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 8,5 faiz bəndi, 2014-cü ilin proqnozuna nisbətən isə 5,5 faiz bəndi çoxdur.

Gələn il əsas kapitala yönəldiləcək investisiyaların həcmi 19,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 72,8%-i daxili investisiyalar, 27,2%-i isə xarici investisiyaların payına düşür. Ümumi investisiyaların 14,0 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi gözlənilir. Qeyri-dövlət investisiyaları 8,7 mlrd. manat olmaqla, ümumi investisiyaların 43,9%-ni təşkil edəcək. Dövlət investisiyalarının ümumi investisiyalardakı payı isə 56,1% (11,1 mlrd. manat) olacaq. Gələn il əhalinin gəlirlərinin 2014-cü ilin gözlənilən göstəricilərinə nisbətən 5,8% artaraq 43,8 mlrd. manat, xərclərinin isə 5,2% artaraq 32,0 mlrd. manat olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2015-ci ildə inflyasiyanın 2,3% həcmində olacağı proqnozlaşdırılır.

Gələn ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90,0 ABŞ dolları, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi