Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda dövlət büdcəsinin gəlirləri proqnozdan artıq icra edilib

    Xərclərin icrası isə proqnozdan aşağı səviyyədə olub

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayında Azərbaycan dövlət büdcəsinin mədaxili operativ məlumata əsasən 101,2% yerinə yetirilməklə 14,071 mlrd. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, bunu prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının yekunlarına dair keçirilən iclasında maliyyə naziri Samir Şərifov bəyan edib.

    S.Şərifovun sözlərinə görə, təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8% əməl etməklə dövlət büdcəsinə 5,324 mlrd. manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 8% çox mədaxil təmin edib. Dövlət Gömrük Komitəsi isə 100,1% və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 12,2% çox mədaxil təmin edib. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 17,5% çox olmaqla 4,454 mlrd. manat təşkil edib.

    Bu ilin 9 ayında dövlət büdcəsinin xərcləri isə 12,694 mlrd. manat və yaxud 86,0% icra olunub. Ötən dövr ərzində büdcə xərclərinin 24,3%-i və ya 3,082 mlrd. manatı sosial təyinatlı xərclərin payına düşüb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

    Maliyyə nazirinin sözlərinə görə, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4,172 mlrd. manat təşkil edib. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1,401 mlrd. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2,184 mlrd. manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44,0 mln. manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545,0 mln. manat vəsait yönəldilib. Azərbaycanda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1,282 mlrd. manat vəsait sərf edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi