Yuxarı

Azərbaycanda bank aktivlərinin 68%-i müştərilərə verilən kreditlərin payına düşür

Yüksək likvidli aktivlərin xüsusi çəkisi isə 11%-dən çoxdur

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivlərin həcmi son bir ildə 4,595 mlrd. manat və ya 24,6% artaraq 2014-cü ilin avqustun 1-nə 23,289 mlrd. manata çatıb. Report-un xəbər verdiyi kimi bu, Azərbaycan Mərkəzi Bankının hesabatında göstərilir.

Eyni zamanda bu ilin əvvəlindən aktivlərin həcmi 2,904 mlrd. manat və ya 14,3%, iyul ayında 719 mln. manat və ya 3,2% artıb:

Əvvəlki dövrlərdəki kimi bank aktivlərin tərkibində əsas yeri müştərilərə verilən kreditlər tutur. Belə ki, bu kreditlərin həcmi 15,715 mlrd. manat və ya ümumi aktivlərin 67,5%-ni təşkil edir. Bundan başqa aktivlərin tərkibində 1,984 mlrd. manat həcmində olan investisiyalar, 1,741 mlrd. manat həcmində olan müxbir hesablar, 903,7 mln. həcmində nağd vəsaitlər, 1,110 mlrd. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1,834 mlrd. manat həcmində digər aktivlərdir.

Passivlərin tərkibində 10,036 mlrd. manat həcmində depozitlər, 7,963 mlrd. manat həcmində maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1,585 mlrd. manat həcmində digər öhdəliklərin payına düşüb. Passivlərin tərkibində kapitalın həcmi 3,705 mlrd. manat təşkil edib.

Aktivlərin tərkibini təhlil edəndə bir neçə məqam aydın olur. Belə ki, kreditlərdən başqa olan digər aktivlər təxminən bərabər paylara malikdir. Bu, banklar tərəfindən aktiv əməliyyatları sahəsində tarazlığın təmin edilməsini göstərir. Bundan əlavə görünür ki, bank sistemində ən yüksək likvidli aktivlərin (nağd vəsaitlər və müxbir hesablar) ümumi aktivlərdə xüsusi çəkisi təxminən 11,4% təşkil edir ki, bu da nisbətən yüksək göstəricidir. Bundan başqa yüksək likvidli aktivlərin tərkibinə dövlət qiymətli kağızlara investisiyalar, maliyyə təşkilatlara verilən qısamüddətli kreditlər və yerləşdirilən depozitlər də aid edilməlidir. Bu təsnifatları üzrə dəqiq statistika olmasa da, aydındır ki, yüksək likvidli aktivlərin xüsusi çəkisi göstərilən rəqəmdən (11,4%) də artıqdır. Bu, bankların məcmu kapitallarının ümumi passivlərində 16%-lik xüsusi çəkisinin olması ilə birlikdə bank sisteminin maliyyə dayanıqlığının yüksək olduğunu sübut edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi