Yuxarı
    Bağlamaq

    ​Azərbaycan dövlət büdcəsində gəlirlər üzrə proqnoz 1,2% artıq icra olunub

    Büdcə xərcləri üzrə proqnoz isə 14% kəsirlə icra edilib

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 14 070,6 mln. manat, xərcləri 12 693,5 mln. manat olub, 1 377,1 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Hesabat dövründə büdcə mədaxilinin proqnozu 1,2% artıq, xərclər isə 14,0% az icra olunub. Bu barədə "Report"a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,8% icra edilməklə dövlət büdcəsinə 5 324,4 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 394,4 mln. manat və yaxud 8,0% çoxdur. Həmin vəsaitin 58,3%-i və yaxud 3 107,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 13,8% çoxdur.

    Dövlət Gömrük Komitəsi proqnoza 100,1% əməl edərək büdcəyə 1 134,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2%  çoxdur.

    Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 155,0 mln. manat təşkil edib. Sair daxilolmalardan büdcəyə 56,6 mln. manat və yaxud proqnoza nisbətən 2,1 dəfə çox vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% çoxdur.

    Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 399,7 mln. manat vəsait transfert edilib.

    İqtisadi təsnifata uyğun olaraq, dövlət büdcəsi xərclərinin 31,7%-i və yaxud 4 019,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% çoxdur.

    Funksional təsnifata uyğun olaraq, ötən ilin eyni dövrü ilə müqayisədə mənzil və kommunal təsərrüfatı xərclərinə 24,6% (51,0 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 16,0% (29,7 mln. manat), müdafiə xərclərinə 15,2% (141,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 10,7% (71,9 mln. manat), səhiyyə xərclərinə 9,2% (37,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 8,4% (113,6 mln. manat), təhsil xərclərinə 8,0% (70,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 4,2% (14,8 mln. manat) çox vəsait yönəldilib.

    Hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1 401,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2 729,1 mln. manat vəsait yönəldilib. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 44,4 mln. manat vəsait sərf edilib. Büdcə təşkilatlarının təqdim etdiyi xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

    Təhlil olunan dövrdə icmal büdcənin gəlirləri 17 734,3 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur. İcmal büdcənin xərcləri 14 652,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi