Yuxarı

​Azərbaycanın ərzaq təhlükəsizliyinin şərti əmsalı 90%-i ötüb

Bu, eyni zamanda ölkənin özünü ərzaqla təminetmə qabiliyyətini əks etdirir

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın əmtəə dövriyyəsində satılan ərzaq məhsullarının ümumi dəyəri bu ilin 9 ayı üzrə təxminən 7,7 mlrd. manat, orta aylıq göstərici isə 860 mln. manat təşkil edib. Eyni zamanda, Dövlət Statistika Komitəsinin bu ilin yanvar-avqust ayları üzrə məlumatları və Mərkəzi Bankın I yarımillik üzrə hazırladığı tədiyyə balansına əsasən, ərzaq məhsullarının orta aylıq idxalının həcmi milli valyuta ifadəsində təxminən 83 mln. manata bərabər olub.

"Report"un apardığı araşdırmaya əsasən, beləliklə, daxili bazarda satılan ərzaq məhsullarının cəmi 9,7%-i idxal olunan malların payına düşür. Hətta bu hesablama idxal olunmuş malların əmtəə dövriyyəsində mütləq iştirak etməsi ehtimalını da nəzərdə tutur ki, reallıqda bu göstərici bir az da aşağı ola bilər.

Qeyd edək ki, BMT-nin Ümumdünya Ərzaq Şurasının qəbul etdiyi təsnifata görə, ölkənin ərzaqla özünü təmin etmək qabiliyyəti onun ərzaq təhlükəsizliyinin səviyyəsini xarakterizə edir. Belə ki, Azərbaycanın ərzaqla özünü təminetmə qabiliyyəti, yəni ərzaq təhlükəsizliyinin şərti əmsalı 90,3% təşkil edir. Dünyada qəbul edilən makroiqtisadi normalara görə, ərzaq üzrə əmtəə dövriyyəsində idxalın payının 20%-lik səviyyəsi ərzaq təhlükəsizliyi üzrə maksimal hədd kimi qəbul olunur. İqtisadçıların fikrincə, bu payın 20%-dən artıq olması artıq yerli istehsala güclü mənfi təsir göstərir. Lakin, bu hədd eyni zamanda yerli istehsalın zəif olduğunu - əmtəə bazarındakı boşluğun idxal hesabına təmin edildiyini göstərir.

Göründüyü kimi, Azərbaycanda sözügedən sahədə vəziyyət belə deyil. Hətta, son illər ərzində ölkənin ərzaqla özünü təminetmə qabiliyyəti tədricən artır. Məsələn, ötən ilin statistikasına görə, ərzaq üzrə əmtəə dövriyyəsində idxalın payı 10,6%, 2012-ci ildə 10,4% olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi