​Avropa Şurasının MONEYVAL Katibliyi Azərbaycanın tərəqqi hesabatını qəbul edib

​Avropa Şurasının MONEYVAL Katibliyi Azərbaycanın tərəqqi hesabatını qəbul edib 2017-ci ildən gec olmayaraq Azərbaycanın cari hesabatlılıq rejimindən çıxarılmasına dair qərar qəbul olunub
Maliyyə
14 Dekabr , 2015 17:47
​Avropa Şurasının MONEYVAL Katibliyi Azərbaycanın tərəqqi hesabatını qəbul edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Strasburqda (Fransa) Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) növbəti, 49-cu plenar iclası keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iclasda iştirak edib.

Plenar iclasın gündəliyinə uyğun olaraq pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə rejiminin (PY/TMM) təkmilləşdirilməsi üzrə Azərbaycan hökumətinin gördüyü işlər barədə könüllü tərəqqi hesabatı müzakirə edilmişdir. Hesabatda MONEYVAL-ın 2014-cü ildə Azərbaycanda PY/TMM rejiminin effektivliyinin beynəlxalq standartlara uyğunluğunun IV raund qiymətləndirilməsi çərçivəsində ekspertlər tərəfindən təqdim edilmiş tövsiyələrin icra vəziyyəti əhatə olunub. 

Müzakirə zamanı MONEYVAL-ın Katibliyi ölkədə PY/TMM ilə bağlı hüquqi, institusional və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilmiş işləri təqdir edib və əldə olunmuş əhəmiyyətli inkişafı yüksək qiymətləndirib. Ermənistan nümayəndə heyətinin ciddi səylərinə baxmayaraq, plenar iclasda Azərbaycan hökumətinin hesabatı təsdiq edilib və 2017-ci ildən gec olmayaraq Azərbaycanın cari hesabatlılıq rejimindən çıxarılmasına dair qərar qəbul olunub.

Qlobal terror təhdidlərinin yeni forma və metodlarına qarşı mübarizə, xüsusilə terrorçuluğun kriminallaşdırılması və maliyyələşdirilməsinin qarşısının alınması məsələlərinin üstünlük təşkil etdiyi müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti ölkənin maraqlarına uyğun mövqeyini bildirib və ölkə rəhbərliyinin güclü siyasi iradəsi ilə alınmış qərarlar və həyata keçirilmiş əməli tədbirlər barədə iclas iştirakçılarına məlumat verib.

Plenar iclas zamanı həmçinin MONEYVAL-ın idarəetmə orqanı olan Büroya seçkilər keçirilib.

Son xəbərlər

Orphus sistemi