​Avronun məzənnəsi 9 illik minimuma enib

​Avronun məzənnəsi 9 illik minimuma enib Azərbaycanda avronun məzənnəsi 2006-cı ilin martından ən aşağı həddə düşüb
Maliyyə
5 Yanvar , 2015 14:01
​Avronun məzənnəsi 9 illik minimuma enib

Bakı. 5 yanvar. REPORT.AZ/ Dünya bazarında avronun dollara qarşı məzənnəsi 2006-cı ilin mart ayından sonra ən aşağı həddə düşüb.

"Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, avronun dünya valyuta bazarında ucuzlaşması 2014-cü ilin dekabr ayından trend halı alıb. Ekspertlər buna səbəb kimi Avropa Mərkəzi Bankının sədri Mario Draginin 2015-ci ildə yumşaq pul siyasətinin keçirilməsinin yüksək ehtimalları barədə bəyanatını göstərirlər. Bu isə Avrozonaya daxil olan ölkələrdə deflasiya riskinin artması və bundan bilavasitə yaranan iqtisadi aktivliyin zəifləməsi riskinin qarşısını almaq məqsədi ilə planlaşdırılır. Bununla bağlı, Avropa Mərkəzi Bankı dövlət istiqrazlarını almaqla dövriyyədə olan pul kütləsini artırmaq və inflyasiyanı məqbul həddə qaytarmaq niyyətindədir. Bu səbəbdən bazardakı gözləntilər avronun ucuzlaşmasına gətirib çıxarıb.

Eyni zamanda, Yunanıstanda keçirilməsi planlaşdırılan parlament seçkilərində millətçi "Siriza" partiyasının qələbə qazanmasının yüksək ehtimalı və bununla bağlı ölkənin Avrobloku tərk etmək riski avronun stabilliyi barədə şübhələri artırır.

Qeyd edək ki, Azərbaycanda avronun rəsmi məzənnəsi bu gün 0,9367 manat təşkil edib. Bu, 2006-cı ilin mart ayından sonra ən aşağı göstəricidir. Bu, ötən müddət üçün avronun orta məzənnəsindən (1,1061 AZN/EUR) 15,3%, 2014-cü ilin orta məzənnəsindən (1,0413 AZN/EUR) isə 10% azdır.

Məlumat üçün bildirək ki, son 9 ildə Azərbaycanda vahid Avropa valyutasının rəsmi məzənnəsinin maksimal həddi 1,3269 manat, minimumu isə 0,9367 manat olub.

Son xəbərlər

Orphus sistemi