Yuxarı

Avro yenidən ucuzlaşmağa başlayıb

Avropa Mərkəzi Bankı rəhbərinin bəyanatları avronun cari məzənnəsinə neqativ təsir edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Mario Draginin bu gün Frankfurtda (Almaniya) keçirilən "Euro Finance Week" adlı konfransda çıxışından sonra dünya bazarında avro əsas valyutalara qarşı ucuzlaşmağa başlayıb. Buna səbəb isə AMB-nin monetar ekspansiyanı davam edə biləcəyinə dair siqnallar olub. "Report" xəbər verir ki, çıxışında M.Dragi hazırda həyata keçirilən anti-inflyasiya tədbirlərinin yetərli olmayacağı təqdirdə, avrozonada qısa müddətdə inflyasiyanın hədəflənən səviyyəyə yüksəlməsi üçün istənilən addımın atılacağını bildirib. Qeyd edək ki, avrozonada inflyasiya oktyabrda aylıq müqayisədə 0,1% artıb.

AMB rəhbəri avrozonada aktivlərin alınması proqramının müsbət effektinə toxunaraq vahid Avropa iqtisadiyyatının 2014-cü illə müqayisədə daha sürətlə inkişaf etdiyini vurğulayıb. M.Dragi AMB-nin həyata keçirdiyi tədbirlərin deflyasiya risklərini aradan qaldırdığını bildirib.

Qeyd edək ki, dekabrın 3-də AMB-nin pul-kredit siyasətini yumşaltması və depozit dərəcələrini aşağı salması gözlənilir.

M.Draginin çıxışından sonra avronun məzənnəsi 0,3% zəifləyərək 1,0725 USD/EUR-dən 1,0690 USD/EUR-ə kimi geriləyib. "Report"un analitik qrupu məzənnənin il sonuna qədər öncə 1,04 USD/EUR, daha sonra isə paritetə qədər azalacağını proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi