Yuxarı

Avro ucuzlaşmağa başlayıb

Azərbaycanda avronun məzənnəsi 1,60 AZN/EUR-a düşə bilər

Bakı. 5 yanvar. REPORT.AZ/ Avronun dünya bazarında dollara qarşı məzənnəsi 2016-ci ili azalma ilə başlayıb. Bu ilin ilk günlərində 1,0949 USD/EUR səviyyəsindən azalmağa başlayan məzənnə 1,9% düşərək hazırda 1,0740 USD/EUR-a çatıb. 

"Report"un analitik qrupu qeyd edir ki, avro/dollar məzənnəsi 2015-ci ilin dekabr ayında 1,0538 - 1,1059 USD/EUR diapazonunda dəyişib. Ümumilikdə isə ötən il avro dollara nəzərən 10,2% zəifləyib və 1,0860 USD/EUR səviyyəsinə enib. İllik müddətdə USD/EUR məzənnəsinin dəyişkənliyi 1,0456 - 1,2110 USD/EUR diapazonunda baş verib.

Avronun məzənnəsinin zəifləməsinə bu gün, yanvarın 5-də Avropa Mərkəzi Bankının (ECB) dekabr ayı üzrə inflyasiya göstəricisi səbəb olub. Ekspertlər və bazar iştirakçıları 0,3%-lik qiymət artımı gözlədiyi şəraitdə faktiki inflyasiya 0,2% təşkil edib. Bu da ECB-nin 2016-cı ildə monetar ekspansiyanı davam etdirməsinə səbəb ola bilər ki, bunun nəticəsində avro ucuzlaşmağa başlayıb.

"Report"un analitik qrupu avronun dollara qarşı məzənnəsinin yanvar ayında 1,02 USD/EUR səviyyəsinə qədər enməsini ehtimal edir. Belə olarsa, Azərbaycanda avronun məzənnəsi 1,60 AZN/EUR-a düşə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi