Yuxarı

​Avro ucuzlaşmağa başlayıb

Azərbaycanda da dollar bahalaşır, avro isə ucuzlaşır

Bakı. 29 iyun. REPORT.AZ/ Yunanıstanın maliyyə böhranından çıxmaq üçün kreditorlarla razılığa gələ bilməməsi dünya bazarında avronun carı məzənnəsində sərt azalmaya səbəb olub.

"Report" xəbər verir ki, Yunanıstan şənbə günü, iyunun 27-də avropalı maliyyə nazirləri ilə keçirilən kritik görüşdə nəticə əldə edə bilmədiyinə görə, avro bu gün səhər Asiya valyuta bazarında ABŞ dolları ilə müqayisədə 1,5% zəifləyərək 1,1164 USD/EUR səviyyəsindən 1,10 USD/EUR-ya qədər geriləyib.

Yunanıstan Maliyyə Sabitliyi Şurası razılığın əldə olunmaması xəbərini təhlil edərək, bu gün iyunun 29-da Afina Fond Birjası və Yunanıstanda bütün bankların qapalı qalması qərarını verib.

Qeyd edək ki, sabah, iyunun 30-da Yunanıstan BVF-yə 1,6 mlrd. avro həcmində borc ödəməlidir və bunu ödəyə bilməyəcəyi təqdirdə, ölkə defolt elan ediləcək. Yeni kredit əldə edə bilməsə, bu Yunanıstanın Avrozonadan çıxmaq ehtimalını daha da artıracaq. Yunanıstanın baş naziri Aleksius Tsipras isə kreditorların yeni kredit üçün irəli sürdüyü şərtləri qəbuledilməz sayır və bu şərtlərin iyulun 5-də keçiriləcək referenduma çıxarılacağını bəyan edib.

Bu gündən Yunanıstanda bankomatlardan nağd vəsaitin çıxarılmasına qoyulan limitin 60 avroya kimi azaldılması nəzərdə tutulub. Bu limit xarici bank kartı olanlara şamil edilməyəcək. Xaricə pul köçürmələrinin məbləği də gündəlik 60 avrodan artıq olmayacaq. Bu qərarların qəbulu üçün dövlət başçısı və hökumətin təsdiqi gözlənilir.

Artıq qonşu Makedoniya öz banklarına Yunanıstan banklarında olan vəsaitlərini geri çəkməyi tapşırıb. Baş nazir A.Tsiprasın referendumla bağlı qərarından sonra təkcə iyunun 27-də yerli bankdan 500-600 mln. avro həcmində nağd vəsait çıxarılıb. Almaniyanın maliyyə naziri Volfqanq Şoblenin fikrincə, Yunanıstan iyunun 30-da defoltdan qaça bilməyəcək. Əlavə edək ki, Yunanıstanın Avropa Maliyyə Sabitliyi Fonduna da 131 mlrd. avro borcu var.

"Report"un analitik qrupu qeyd edir ki, avronun ucuzlaşması Azərbaycan bazarında da əksini tapıb. Belə ki, bu gün Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri ilə ABŞ dolları 1,0491 AZN/USD-yə qədər bahalaşıb, avro isə 1,1558 AZN/EUR-dək ucuzlaşıb. İyunun 26-da bu məzənnələr müvafiq olaraq 1,0482 AZN/USD və 1,1755 AZN/EUR olub. Buna baxmayaraq, "Report" tezliklə BVF ilə Yunanıstan arasında razılığın əldə olunacağını proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi