Yuxarı
    Bağlamaq

    Audit: Ucar Mərkəzi Rayon Xəstəxanası artıq ərzaq və dərman xərclərinə yol verib

    Hesablama Palatası: Rayon Xəstəxanasının binası razılıqsız sökülüb

    Bakı. 6 sentyabr. REPORT.AZ/ "Müxtəlif illərdə xəstəxana tərəfindən alınmış bəzi inventarlar anbarda uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərclərə yol verilib, imtiyazlı xəstələrə dərman, sarğı ləvazimatları və materiallarının paylanması zamanı mövcud normativ aktların tələblərinə tam əməl edilməyib, bununla yanaşı, xəstə sayının çox yazılması nəticəsində artıq ərzaq və dərman xərcinə yol verilib".

    "Report" xəbər verir ki, bu barədə dövlət büdcəsinin yerli xərclərindən 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-may aylarında Ucar Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı Hesablama Palatası tərəfindən həyata keçirilmiş auditin nəticəsinə dair hesabatda deyilir.

    Hesabatda bildirilir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının istismarda olan köhnə binası müvafiq razılıq alınmadan sökülərək yerində 118 çarpayılıq yeni və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Xəstəxana tikilib.

    2015-ci ilin oktyabrından istifadəyə verilməsinə baxmayaraq auditlə əhatə olunan dövrün sonunadək yeni Xəstəxananın tikintisinə sərf olunmuş kapital qoyuluşu və verilmiş inventar, avadanlıq və digər mal-materialların müvafiq qaydada balansa daxil edilməsi üçün zəruri tədbirlər görülməyib.

    Xəstəxana tərəfindən auditin əhatə etdiyi dövrdə ümumilikdə 6 460 151,4 manat məbləğində vəsait icra edilib.

    Səhiyyə Nazirliyinin rəsmi hesabatına əsasən, 2015-ci ildə respublika üzrə hər 10 min nəfər əhalinin çarpayılar ilə təminatı 39,6 ədəd, həkimlərlə təminatı 27 nəfər təşkil etdiyi halda, bu göstəricilər Ucar rayonu üzrə müvafiq olaraq 23,4 ədəd və 16,5 vahid təşkil edib.

    Ucar Mərkəzi Rayon Xəstəxanasında və tabeliyindəki səhiyyə müəssisələrində bir çarpayı gününə ərzaq xərci 2014-cü ildə orta hesabla 1,7 manat, 2015-ci ildə 1,9 manat, 2016-cı ilin 5 ayında 1,4 manat təşkil edib, həmçinin, bir çarpayı gününə sərf olunmuş dərman və ərzaq xərcləri üzrə göstəricilər strukturuna daxil olan tibb müəssisələri üzrə də fərqli olub.

    Auditlə əhatə olunan dövrdə ümumilikdə 32 satınalma proseduru keçirilib və müqavilələr bağlanıb, keçirilmiş satınalma prosedurları zamanı alınması protokollaşdırılmış malların müqavilə qiymətlərindən baha alınması nəticəsində artıq vəsait ödənilib.

    Yeni inşa olunmuş bina və qurğularının balansa götürülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Ucar rayon İcra Hakimiyyətinə məlumat göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi