Yuxarı

​"Audatex" şirkəti Azərbaycan sığorta bazarına çıxır

Gələn ilin yayında Solera Azerbaijan şirkəti fəaliyyətə başlayacaq

Bakı. 19 dekabr. REPORT.AZ/ Sığorta hadisələri nəticəsində dəyən zərərin qiymətləndirilməsi üzrə dünyada qabaqcıl təşkilatlardan olan ABŞ-ın "Audatex" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması ilə bağlı İcbari Sığorta Bürosu (İSB) ilə həmin şirkət və "Audatex" şirkətini Fransada təmsil edən "Sidexa" şirkəti arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb.

"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, qeyd olunan müqavilə "Sidexa" şirkətinin ali idarəedici orqanı tərəfindən təsdiq olunub. Həmin sənədə əsasən, növbəti ay ərzində "Solera Azerbaijan" şirkətinin ("Audatex" şirkəti ABŞ "Solera Holding"inə daxildir) yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə, həmçinin "Audatex" şirkətinin təklif etdiyi proqram təminatlarının və məlumat bazasının Azərbaycan sığorta bazarına uyğunlaşdırılması və bazara təqdim edilməsi ilə əlaqədar şirkət tərəfindən lazımi işlər həyata keçirilir.

"Solera Azerbaijan" şirkətinin 2015-ci il iyulun 1-dən fəaliyyətə başlaması planlaşdırılır.

Qeyd edək ki, "Audatex" dünyanın bir çox ölkəsində xidmət göstərir. Zərərin qiymətləndirilməsi üzrə sahənin ölkədə inkişaf etdirilməsi, beynəlxalq praktikaya uyğunlaşdırılması və s. məsələlər baxımından adı çəkilən şirkətin iş təcrübəsi xüsusi əhəmiyyət kəsb edir. "Audatex" proqram təminatlarının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin dəyərinin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi