Yuxarı

​Asiya İnkişaf Bankı Azərbaycana daha 750 mln. dollar ayıracaq

Bankın prezidenti Takehiko Nakao: Asiya İnkişaf Bankı Direktorlar Şurasının 48-ci toplantısı 2015-ci ilin mayında Azərbaycanda keçiriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Direktorlar Şurasının 48-ci illik toplantısı 2015-ci ilin may ayında Azərbaycanda keçiriləcək. "Report"un məlumatına görə, bunu Bakıya səfəri zamanı keçirdiyi mətbuat konfransında ADB-nin prezidenti Takehiko Nakao bildirib.

"Bankın Bakıdakı 48-ci illik tədbirində 60-dan artıq ölkənin rəsmiləri iştirak edəcəklər. Burada Heydər Əiyev Mərkəzində olmuşam, ora çox gözəl məkandır. Biz istərdik ki, tədbirimiz də həmin Mərkəzdə olsun”, - deyə T.Nakao qeyd edib.

Səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirilən görüşlərdə bir sıra aktual məsələnin müzakirə olunduğunu bildirən T.Nakao Bakıdan birbaşa Bişkekə gedəcəyini söyləyib: “Biz su, yol infrastrukturu və energetika sahəsinə kreditlər ayırmağı düşünürük. Buradan birbaşa Bişkekə gedəcəm. Orada da müzakirələr aparılacaq. O toplantıda investisiyaların səmərəli istifadə edilməsi və satınalma proseslərinin səmərəliliyi müzakirə ediləcək. Hesab edirəm ki, dövlət və özəl sektorlar arasında münasibətlər daha da tənzimlənməlidir. Fikrimizcə, pullu yolların çəkilməsi və istifadəyə verilməsi vacibdir. Bunun üçün isə müvafiq qanunvericiliyə yenidən baxılması lazımdır”.

Asiya İnkişaf Bankının prezidenti Bakıda keçirdiyi görüşlərdə təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı da fikir mübadiləsinin aparıldığını bildirib: “Hesab edirəm ki, ölkənin təbii sərvəti onun bəlasına yaxud lənətinə çevrilməməlidir. Ölkə prezidenti ilə görüşdə həm də təbii resursların sosial rifaha xərclənməsi ilə bağlı müzakirələr apardıq. Biz həm də qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərdən danışdıq. Hesab edirəm ki, hökumət bir çox sahənin inkişafına şərait yaratmalıdır”.

Qonaq səfər zamanı maliyyə naziri Samir Şərifovla görüşdüyünü bildirib: "Son 15 il ərzində Azərbaycana 1,8 mlrd. ABŞ dolları həcmində vəsait ayırmışıq. Ayrıca olaraq 150 mln. dollar özəl sektora ayrılıb. Qarşıdakı 4 ildə isə Azərbaycana daha 750 mln. dollar ayırmağı düşünürük və bunun üçün imkanlarımız var. Lakin inanıram ki, Azərbaycanın pul tapmaqla bağlı problemi olmayacaq".

Bunula yanaşı ADB prezidenti Çinin yaratmağa cəhd etdiyi Asiya İnfrastruktur Bankı məsələsinə də münasibət bildirib: “Biz yoxsulluğun azaldılması üçün çalışırıq, onlar isə infrastrukturu inkişaf etdirmək istəyirlər. Hesab etmirəm ki, burada hansısa qütbləşmə ola bilər. Hələlik bu, təklif kimi irəli sürülüb. Əgər gələcəkdə onlar lazımi formada fəaliyyətə başlasalar, biz onlarla əməkdaşlıq edə bilərik. Digər tərəfdən də onu deyim ki, biz Çinə böyük məbləğdə pul ayırırıq, onlar bizdən böyük məbləğdə kredt götürüb və Çinlə əməkdaşlıqdan məmnunuq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi