Yuxarı

ASA sədri: Azərbaycanın kasko sığortası bazarının 80%-i boşdur

Gələcəkdə sığorta bazarında telematika cihazlarından istifadə oluna bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ Hazırda Azərbaycanda avtomobillərin kasko sığortası bazarının 80%-i boşdur və mövcud hər 100 avtomobildən yalnız 10-15-i bu sığorta növü ilə əhatə olunub. "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib: "Potensial bazar boş ola-ola ölkəyə avtomobil idxalının azaldılması, kreditləşmə ilə bağlı məsələlərin qabardılması düzgün deyil".

O.Bayramov qeyd edib ki, insanların sığortaya cəlb edilməsini sürətləndirmək üçün mühüm məsələlərdən biri də sürətli sığorta ödənişlərinin təmin edilməsidir. Onun sözlərinə görə, sığorta ödənişini gecikdirən məqamlar isə hadisənin sığorta hadisəsi olub-olmasının müəyyənləşdirilməsi, bununla bağlı sənədlərin toplanmasıdır.

"Məhz bunun üçün gələcəkdə ölkənin sığorta bazarında telematikadan istifadə edilməsi kimi ideya var. Belə ki, avtomobilə xüsusi cihaz yerləşdirilir və həmin cihaz hadisədən əvvəl və sonra avtomobilin hərəkət sürətini, hadisənin baş verdiyi yeri göstərir".

ASA sədri bildirib ki, cihazın tətbiqi ilə bağlı ən böyük tərəddüd isə məhz onun qiymətinin kifayət qədər baha olması ilə əlaqədardır.

"Belə bir ideya da var ki, bazarda həm bu cihazlar tətbiq olunsun, həm də əvvəlki qayda qalsın. Yəni, istəyən şəxs bu cihazdan yararlansın, lakin bu, könüllü olsun. Ancaq bu cihazın tətbiqi ilə bağlı hələlik konkret heç bir qərar yoxdur", - deyə Assosiasiyanın rəhbəri qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi