Azərbaycanda icbari avtomobil sığortasına görə ödənişlər yeni qayda ilə hesablanacaq

Azərbaycanda icbari avtomobil sığortasına görə ödənişlər yeni qayda ilə hesablanacaq ASA: İcbari sığorta ödənişləri üzrə son dəyişiklik qeyri-müəyyənliyə aydınlıq gətirib
Maliyyə
16 Yanvar , 2015 11:42
Azərbaycanda icbari avtomobil sığortasına görə ödənişlər yeni qayda ilə hesablanacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın "İcbari sığorta haqqında" qanununa edilən dəyişikliklər qəza zamanı avtomobillərə icbari sığorta ödənişi ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirilib. Bu qeyri-müəyyənlik bütün hadisələrin cəmi 3-4%-ni təşkil edirdi. Bunu "Report"a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov bildirib. Onun sözlərinə görə, dəyişikliyə əsasən, qəzanın baş verməsində hər iki tərəf təqsirkardırsa, onların hər birinə görə sığorta ödənişinin yalnız 50%-i ödəniləcək.

O.Bayramov qeyd edib ki, hazırda polisdə cəmi üç prinsip mövcuddur, bunun üçün də təqsirkarlıq dərəcəsi 50-50-yə müəyyənləşdirilir. Onun sözlərinə görə, hələ ki təqsirkarlıq dərəcəsinə görə dəyişiklik gözlənilmir: "Hazırda tətbiq olunan 3 prinsip mövcuddur: sürücü günahkardır, sürücü hadisədə günahkar deyil və yaxud hər ikisi günahkardır. Sığorta ödənişinin 50% məbləğində verildiyi hallar bütün cəmi hadisələrin 3-4%-ni təşkil edir. Və son dəyişiklik sadəcə bu qeyri-müəyyənliyə aydınlıq gətirmək üçündür. Digər hadisələr olduğu kimi qalır".

ASA sədri bildirib ki, dünyanın bir çox ölkəsində tətbiq edilən bu prinsip sürücüləri daha da məsuliyyətli olmağa yönəldəcək: "Əgər hər iki tərəf günahkardırsa, sığorta şirkəti onlara günahsız olduqları hissəni ödəyəcək".

Qeyd edək ki, son dəyişikliyə əsasən, "Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır".

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.

Son xəbərlər

Orphus sistemi