Analitiklər: ​ABŞ iqtisadiyyatında resessiya ehtimalı artır

Analitiklər: ​ABŞ iqtisadiyyatında resessiya ehtimalı artır Dollar ucuzlaşa, neft isə bahalaşa bilər
Maliyyə
1 Fevral , 2016 11:10
Analitiklər: ​ABŞ iqtisadiyyatında resessiya ehtimalı artır

Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ iqtisadiyyatının zəifləməsi və durğunluq trendinə daxil olması ehtimalı getdikcə artır. "Report"un "Financial Times" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ iqtisadiyyatının yaxın 1 il ərzində resessiya mərhələsinə daxil olması ehtimalı 20%-ə yüksəlib.

"Financial Times" qəzetinin Federal Ehtiyat Sisteminin (FES) yanvar iclasından sonra 51 iqtisadçı arasında apardığı sorğuda ABŞ-ın resessiyaya girməsi ehtimalının başlıca səbəbləri kimi ölkənin zəif iqtisadi göstəriciləri, qlobal bazarlarda sərt dalğalanmalar və Çin iqtisadiyyatının yavaşlaması amilləri göstərilib. Qeyd edək ki, "Financial Times"ın 2015-ci ilin dekabrında təşkil etdiyi analoji sorğuya əsasən, ABŞ-da qarşıdakı 2 ildə resessiya ehtimalı 15% olub.

Yanvarın 29-da Yaponiya Mərkəzi Bankı (BOJ) qlobal resessiyaya qarşı ölkədəki faiz səviyyəsini mənfi bölgəyə çəkib. Bununla da, fevralın 16-dan Yaponiyada banklara verilən kreditlər üzrə faiz dərəcəsi - 0,1% təşkil edəcək. Bundan əvvəl, Avropa Mərkəzi Bankı (ECB) da uçot dərəcəsini minimal səviyyəyə - mənfi zonaya çəkib. Hazırda Avrozonada banklar üçün faiz dərəcəsi - 0,3%, uçot dərəcəsi isə 0,05% təşkil edir.

"Report"un analitik qrupu hesab edir ki, ABŞ-ın resessiyaya girməsi ehtimalını gücləndirəcək iqtisadi göstəricilər açıqlanacağı təqdirdə FES uçot dərəcəsinin artırılması prosesini bu il dayandıra bilər. Bundan əlavə, FES yeni, üçüncü  monetar ekspansiya əməliyyatı barədə də düşünə bilər. Hadisələrin bu istiqamətdə cərəyan etməsi maliyyə bazarlarında ciddi dəyişikliklər yaradacaq: dolların məzənnəsi 1,22 USD/EUR-yə qədər zəifləyə bilər, fond indeksi əlavə likvidlik səbəbindən 15-20% yüksələcək, xammal qiymətləri, xüsusilə də neftin qiyməti kəskin artaraq 60 dollar/barelə çata bilər.

Son xəbərlər

Orphus sistemi