Yuxarı

​"Amrahbank" ötən ili 5,5 mln. manat zərərlə başa vurub - YENİLƏNİB

Faiz mənfəəti 15 mln. manatı üstələyən Bankın inzibatı və digər əməliyyat xərcləri 17,15 mln. manata çatıb

İlk xəbər saat 12:15-də verilib

Bakı. 13 iyun. REPORT.AZ/ “Amrahbank” ASC ötən ili 5,518 mln. manat zərərlə başa vurub.

“Report” Bankın rəsmi veb-saytına istinadən xəbər verir ki, bunu Bankın 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı auditini aparan “Grant Thornton” şirkəti açıqlayıb.

Ötən il “Amrahbank”ın faiz gəlirləri 27,047 mln. manat, faiz xərcləri isə 11,857 mln. manat olub ki, xalis faiz mənfəəti isə 15,190 mln. manata bərabər olub.

Bununla yanaşı, hesabat ilində "Amrahbank"ın haqq və komissiya gəlirləri 1,803 mln. manat olub ki, əvvəlki il ilə müqayisədə 39% azalma deməkdir. Qeyri-faiz xərcləri isə illik müqayisədə 54 min manat və ya 10% azalaraq 484 min manata enib.

Ötən il Bankın inzibatı və digər əməliyyat xərcləri isə 2014-cü ilə nisbətən 2,522 mln. manat yaxud 17,25% artaraq 17,146 mln. manata yüksəlib.

Qeyd edək ki, "Amrahbank" 2014-cü ilin yekununda 1,289 mln. manat mənfəət əldə edib. 

***

Ötən il “Amrahbank”ın cəmi aktivləri 2014-cü ilə nisbətən 48,4% artaraq 301,348 mln. manata çatıb.

Eyni zamanda, məcmu öhdəliklər 67,6% artaraq 257,330 mln. manata, digər banklara ödəniləcək vəsaitlər isə 22,2% artaraq 25,009 mln. manata yüksəlib.

Audit yoxlamasının nəticəsinə görə, “Amrahbank”ın məcmu kapitalı 5,518 min manat yaxud 11,14% azalaraq 44,018 mln. manat olub. Bankın cəmi kapitalında yığılmış zərərin həcmi 966 min manat olub.

"Bankın rəhbərliyi hesab edir ki, idarə olunan kapitalın ümumi məbləği maliyyə vəziyyəti haqqında hesabatda göstərilən kapitalın məbləğinə bərabərdir. 31 dekabr 2015-ci il tarixinə Bankın idarə etdiyi kapitalın məbləği 53,988 mln. manat, 31 dekabr 2014-ci il vəziyyətinə isə 53,489 mln. manat təşkil edib", - deyə hesabatda qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi