AMB yeni hərrac mexanizmini tətbiq edib

AMB yeni hərrac mexanizmini tətbiq edib Yeni mexanizm bazar iştirakçılarına valyuta alışı və satışı üzrə sifarişlə çıxış etmək imkanın verir
Maliyyə
5 Oktyabr , 2016 16:51
AMB yeni hərrac mexanizmini tətbiq edib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq məqsədi ilə yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul edib. Bu barədə “Report”a AMB-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir: "Bloomberg" ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısı tərəfindən elan olunan ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra hərrac gedişində ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır”.

AMB-nin məlumatına görə, növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə ortaçəkili məzənnə əsasında müəyyən olunacaq və hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaq: “Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alqı-satqı əqdləri üzrə formalaşan ortaçəkili məzənnə əsasında müəyyənləşəcək”.

Oktyabrın 5-də AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6035 AZN məzənnəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi