Yuxarı

​AMB: Valyuta ehtiyatlarında azalma ciddi narahatlıq doğurmamalıdır

Xəqani Abdullayev: Bu il və gələn il məzənnədə kəskin dəyişikliyə zərurət görmürük

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın daxili bazarında valyutaya olan cari tələbat sabitləşib.

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev bildirib: "Bu il və gələn il məzənnədə kəskin dəyişikliyə zərurət görmürük. Ciddi dollarlaşmaya zərurət yoxdur. Əlbəttə ki, bu, neftin qiymətində ciddi dəyişiklik olmasa, nəzərdə tutulur".

AMB rəsmisi qeyd edib ki, bu ilin avqust ayında valyuta bazarına müəyyən təzyiq olub və bu, qonşu ölkələrdəki devalvasiyanın psixoloji təsiri ilə bağlı idi. Lakin sentyabr ayının ortasından etibarən artıq stabillik yaranıb.

"Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlrd. manatdan bir qədər artıqdır. Ciddi dollarlaşmaya zərurət yoxdur. Biz Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsiz saxlanılmasını əsas götürürük. AMB-nin valyuta ehtiyatlarında azalma məbləği ciddi narahatlıq doğurmamalıdır. Çünki Mərkəzi Bank makroiqtisadi sabitliyə əsasən manatın məzənnəsi vasitəsilə nail olur", - deyə X.Abdullayev vurğulayıb.

O, həmçinin ipoteka kreditləşməsinin genişləndirilməsi ilə bağlı təkliflərin artıq AMB-yə təqdim olunduğunu və hazırda təkliflər üzərində iş aparıldığını deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi