AMB sədri: "Kreditləşmə sistemində problemlər var"

AMB sədri: "Kreditləşmə sistemində problemlər var" Sərbəst vəsaitin istehlak bazarına yönəlməsi qiymətlərin əlavə artımına gətirib çıxara bilər
Maliyyə
22 Noyabr , 2017 18:45
AMB sədri: Kreditləşmə sistemində problemlər var
Elman Rüstəmov

Bakı. 22 noyabr. REPORT.AZ/ "Bu gün bank sektorunda 6,5 mlrd. manatdan çox vəsait var və bu vəsait iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilmir".

“Report”un verdiyi xəbərə görə, bunu AMB sədri Elman Rüstəmov deyib.

"Bu vəsaitin də, təxminən, 70%-dən çoxu ölkənin sağlam banklarında cəmləşib. Əgər bu vəsait kreditləşməyə yönəldilmirsə, kreditləşmə sistemində digər problemlərin olmasına işarə edir. Biz öz diqqətimizi bu problemlərə cəlb etməliyik", - deyə baş bankir qeyd edib.

"Pul kütləsini ayırırıqsa və bu vəsaitlər kreditləşməyə, yeni biznesin formalaşmasına yönəlmirsə, pul ya istehlak bazarına yönəlir, yaxud da valyuta bazarına qayıdır", - deyə E.Rüstəmov əlavə edib.

Onun fikrincə, həmin vəsaitin istehlak bazarına yönəlməsi qiymətlərin əlavə artımına gətirib çıxara bilər ki, bu da yaranmış vəziyyətdə müsbət amil deyil.

"İkincisi isə xarici vəziyyətdə gərginlik olanda, bu vəsaitlər valyuta bazarına qayıdır və manatın məzənnəsi üçün əlavə risklər yaradır. Beynəlxalq təcrübəyə əsasən, mərkəzi banklar pul-kredit siyasətini o vaxt yumşaldır ki, inflyasiya təhlükəsi ötüb keçib. Mərkəzi banklar qiymətlərin sabitliyi probleminin həll olunmasına tam əmin olandan sonra pul kütləsini genişləndirməyə, iqtisadi aktivliyə dəstək verməyə gedir", - deyə AMB sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi