Yuxarı
    Bağlamaq

    AMB: Pul kütləsinin sterilizasiyası artırılacaq

    Bu il Azərbaycan manatı 11% ucuzlaşıb

    Bakı. 6 dekabr. REPORT.AZ/ "2015-ci ildə pul kütləsi 50% azalıb, bu ildə də Mərkəzi Bank sterilizasiyanı davam etdirib. Sterilizasiyanın həcmi 6 mlrd. manat təşkil edir. Bununla izafi pul kütləsinin gərginlik yaratmasının qarşısı alınıb". 

    "Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin bugünkü plenar iclasında çıxışında bildirib.

    E.Rüstəmov qeyd edib ki, manatın məzənnəsi ilin əvvəlindən 11% geriləyib: "Qlobal çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatı böhranlara dayanıqlılıq nümayiş etdirir. 2008-ci ildən ancaq bu il iqtisadiyyatda resessiya hiss edirik".

    "Sərt pul siyasəti davam etdiriləcək. 2017-ci il üçün sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Məqsəd manatın məzənnəsinə əlavə təzyiq yaratmayaraq inflyasiyanı tənzimləməkdir. Pul kütləsinin sterilizasiyasının həcmi artırılacaq", - deyə baş bankir əlavə edib.

    Onun sözlərinə görə, ortamüddətli perspektivdə büdcə xərclərinin yığcamlaşdırılması labüddür: "Biz ortamüddətli dövrdə konsolidasiyaya getməliyik. Stabilləşdirmə büdcəsi kəsirsiz olmalıdır. Borclar və investisiya problemi valyuta bazarından kənarda həll olunmalıdır. Biz öz təkliflərimizi verəcəyik. Bu vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Valyutanın ucuzlaşmasının sosial-iqtisadi nəticələrini yaxşı bilirik". 

    "Tədiyyə balansında kəsir tam aradan qaldırılmayıb. İlin sonuna 5 mlrd. dollar kəsir gözlənilir. Bunun 80%-i kapital hərəkəti ilə bağlıdır. Bu da əsasən xarici öhdəliklərdir. Neftin ucuzlaşması davam edib. Qeyri-neft ixracında da azalma var, təxminən 20%", - deyə AMB sədri qeyd edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi