Azərbaycan Mərkəzi Bankı yeni qərarlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı yeni qərarlarını açıqlayıb AMB banklararası ödənişlər üzrə xidmət haqlarını iki dəfə azaldıb
Maliyyə
18 Avqust , 2015 16:49
Azərbaycan Mərkəzi Bankı yeni qərarlarını açıqlayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Mərkəzi Bank eyni zamanda kredit təşkilatlarında korporativ sosial məsuliyyətin artırılması, istehlakçıların maliyyə vəziyyətinə, ehtiyac və məqsədlərinə uyğun məhsulların təqdim edilməsinin təşviqinə yönəldilmiş qərarlar da qəbul edib.

İdarə Heyətinin qərarına əsasən, AZIPS sistemi (real vaxt rejimində banklararası hesablaşmalar sistemi) vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb. Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib.

Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, kredit məhsullarının dəyərinin şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biri kimi AMB-nin digər qərarı ilə “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilib. Qeyd olunan Rəhbərlikdə kredit təşkilatlarına istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi üzrə tövsiyələr verilib. 

"Bütövlükdə, Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcək", - AMB-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi