AMB: ​Azərbaycan valyuta siyasətini dəyişməyəcək

AMB: ​Azərbaycan valyuta siyasətini dəyişməyəcək Dünya bazarında neft hətta 60 dollar/barelə qədər ucuzlaşarsa, Azərbaycanın tədiyyə balansında müsbət saldo müşahidə olunacaq
Maliyyə
14 Noyabr , 2014 10:10
AMB: ​Azərbaycan valyuta siyasətini dəyişməyəcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) həyata keçirdiyi valyuta siyasətində heç bir dəyişiklik etməyi planlaşdırmır. Bunu “Report”a açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov bildirib.

R.Orucovun sözlərinə görə, AMB manatın məzənnəsinin sabit saxlanılmasını davam etdirəcək və üzən məzənnəyə keçidi və ya bu kimi addımların atılmasını nəzərdən keçirmir. Xatırladaq ki, bu yaxınlarda Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmaması üçün keçirilən mütəmaddi valyuta intervensiyaları və ümumiyyətlə valyuta dəhlizindən imtina edib. Bununla belə, demək olar ki, Rusiya Bankı rublun devalvasiyası üçün şərait yaradıb. Bu vəziyyətin ilk və əsas səbəbi neftin ucuzlaşması nəticəsində ölkədə dollar kütləsinin azalması və beləliklə, dolların bahalaşmasıdır.

Aydındır ki, neftin ucuzlaşması Azərbaycana da müəyyən dərəcədə təsir edəcək və bununla bağlı AMB tərəfindən müəyyən addımların atılması məsələsi aktualdır. R.Orucov bəyan edib ki, Rusiyada baş verənlərin Azərbaycanda baş verməsi üçün heç bir makroiqtisadi əsas yoxdur. Hazırda ölkənin tədiyyə balansında 15-17%-lik müsbət saldo müşahidə olunur və belə olan halda Mərkəzi Bank valyuta intervensiyaları həyata keçirmir, əksinə, valyuta sterilizasiyası alətindən istifadə edir. Qeyd edək ki, 2014-cü ilin ilk yarısı ərzində 1 mlrd. dollara yaxın həcmdə valyuta sterilizasiyası aparılıb. R.Orucov bəyan edib ki, hesablamalara görə, dünya bazarında neft, hətta 60 dollar/barelə qədər ucuzlaşacağı təqdirdə Azərbaycanın tədiyyə balansında müsbət saldo müşahidə olunacaq.

Həmçinin, R.Orucovun fikrincə, 1998-ci ildə Rusiyadakı böhran, 2008-2009-cu illərdə dünya iqtisadi böhranilə mübarizə məqsədi ilə bir sıra ölkələrdə aparılmış milli valyutanın devalvasiyasının iqtisadiyyata müsbət təsiri qısa zaman ərzində, bir neçə aya tam şəkildə sıfıra enib. Bunu hətta beynəlxalq maliyyə qurumları da etiraf edib və bu sahədə Azərbaycanın milli valyutanı sabit saxlamaq siyasəti nümünə kimi qeyd olunub. Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu hələ də Azərbaycan hökumətini üzən məzənnə siyasətinə keçməyə çağırır, lakin AMB-nin bu sahədə mövqeyi tam fərqlidir.



Son xəbərlər

Orphus sistemi