"Alfa Sığorta"nın yığımları kəskin azalıb

"Alfa Sığorta"nın yığımları kəskin azalıb Camal Əliyev: "Fəaliyyətimizi gələcəkdə də genişləndirmək niyyətindəyik"
Maliyyə
18 Aprel , 2016 16:41
Alfa Sığortanın yığımları kəskin azalıb

Bakı. 18 aprel. REPORT.AZ/ Cari ilin birinci rübü ərzində “Alfa Sığorta” ASC-nin sığorta haqqı yığımları 633 778 manat təşkil edib. Şirkət 316 hadisə üzrə 417 055 manat sığorta ödənişi həyata keçirib. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həm yığım (-2,4 dəfə), həm də ödənişlərdə (-3,91%) azalma qeydə alınıb. Qeyd edək ki, ötən ilin yanvar-mart ayları ərzində şirkətin sığorta yığımları 1,496 mln. manat, ödənişləri 434,02 min manat təşkil edib. 

Şirkətin İdarə Heyətinin sədri Camal Əliyev fəaliyyət sahəsinin genişləndirilməsi, satış prosesinin təkmilləşdirilməsi, regional inkişafın təşkilatı məqsədilə strukturda dəyişikliklərin edilməsi və yeni bölmələrin yaradılmasının tələb olunduğunu bildirib.

"Bundan əlavə, şirkətin əməkdaşları sayca çoxalıb və coğrafi baxımdan əhatə dairəsi genişlənib. Belə ki, 2016-cı ilin I rübündə 27 nəfər yeni əməkdaş işə qəbul olunub. Onlardan 18 nəfəri regionlarda işlə təmin olunub. Şirkətin xidmət şəbəkəsinə 7 nümayəndəlik və 12 satış ofisləri əlavə olunub. Biz fəaliyyətimizi gələcəkdə də genişləndirməsini və insan resurslarının inkişaf etdirilməsini təmin etmək niyyətindəyik", - deyə C.Əliyev qeyd edib.

Xatırladaq ki, “Alfa Sığorta” ASC 1997-ci ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 7,78 mln. manat nizamnamə kapitalına malik olmaqla, 36 sığorta növü - 32 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun iştirakçısıdır.

Son xəbərlər

Orphus sistemi