AKİA: Lisenziyası ləğv olunmuş kredit ittifaqları faktiki olaraq fəaliyyətsiz idi

AKİA: Lisenziyası ləğv olunmuş kredit ittifaqları faktiki olaraq fəaliyyətsiz idi Cəlil Süleymanov: "MBNP-nın qərarını bazarın təmizlənməsi kimi qiymətləndirirəm"
Maliyyə
6 Yanvar , 2017 16:11
AKİA: Lisenziyası ləğv olunmuş kredit ittifaqları faktiki olaraq fəaliyyətsiz idi

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qərarı ilə 12 kredit ittifaqının lisenziyasının ləğv olunmasına münasibət bildirib. Bununla bağlı “Report”a AKİA-nın İdarə Heyətinin sədri Cəlil Süleymanov açıqlama verib.

Onun sözlərinə görə, lisenziyadan məhrum edilmiş maliyyə qurumlarınun bir hissəsi rəhbərlik etdiyi qurumun üzvü olsa da, onların fəaliyyəti faktiki olaraq yox dərəcəsində olub: “Həmin kredit ittifaqları demək olar ki, işləmirdi. Buna görə də, nə MBNP-yə hesabat verirdilər, nə də kənar audit həyata keçirirdilər. Bu baxımdan onların lisenziyasının ləğv edilməsinə normal baxıram və bazarın təmizlənməsi kimi qiymətləndirirəm”.

C.Süleymanov gələcəkdə də bir sıra kredit ittifaqlarına verilmiş lisenziyaların ləğvini istisna etmir: “Hazırda ölkədə təxminən 100 kredit ittifaqı var. Amma bunların heç də hamısı günün tələbinə uyğun fəaliyyət göstərmir. Bunların arasında bizim üzvlərimiz də var. Yəqin ki, gec-tez həmin kredit təşkilatları bazarı məcburi şəkildə tərk etməli olacaq”.

Xatırladaq ki, lisenziyası ləğv olunan "Arzu", “Azəriinvest”, “Cənub”, “Ceyhun”, “Compass”, “F.A.S.”, “Həkəri”, “Kredo-İnvest”, “Real”, “Tərəkəmə”, “Tural” və “Yardımlı” kredit ittifaqlarıdır. 

Son xəbərlər

Orphus sistemi