Yuxarı
    Bağlamaq

    Aİ-dan çıxmaq Böyük Britaniyaya 50 mlrd. funt sterlinqə başa gələcək

    Bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib

    Bakı. 24 mart. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqının tərk etmək üçün 50 mlrd. funt sterlinq və yaxud təxminən 62 mlrd. ABŞ dolları ödəməli olacaq.

    “Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker “BBC”-yə müsahibəsində bildirib.

    Onun sözlərinə görə, yalnız bu məbləğ ödənildikdən sonra rəsmi Londona Aİ-dan çıxmağa yekun icazə veriləcək. Həmin vəsait Britaniya hökumətindən bir sıra öhdəliklərin yerinə yetirilməsi, o cümlədən Aİ məmurlarının pensiya ödənişlərinin həyata keçirilməsi məqsədi ilə alınacaq.

    Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Aİ-nı tərk etməsi ilə bağlı prosedurlara martın 29-da başlayacaq. Təşkilata ödəniləcək kompensasiyanın məbləği danışıqlarda əsas məsələlərdən biridir. Qarşıdakı 2 il ərzində Britaniyada yaşayan Aİ vətəndaşlarının, eləcə də Aİ ölkələrindən yaşayan Britaniya vətəndaşlarının hüquqlarının təmin edilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməlidir.

    Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dan çıxması ilə bağlı ümumxalq səsverməsi (“Brexit” adlandırılan referendum) 23 iyun 2016-cı il tarixində keçirilib. Referendumun nəticələrinə görə, Britaniya vətəndaşlarının 51,9%-i ölkənin Aİ-nı tərk etməsinə, 48,1%-i, o cümlədən Şotlandiya və Şimali İrlandiyada yaşayanların əksəriyyəti Aİ-da qalmasına səs veriblər.

    Bu il martın 13-də Böyük Britaniya parlamenti “Brexit”in icrası ilə bağlı qanun layihəsini qəbul edib. Martın 16-da isə sənəd Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən təsdiq edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi