Yuxarı

AİB prezidenti: "Azərbaycanda kənd təsərrüfatı, İKT, turizm sahəsinin inkişafı üçün böyük fürsətlər var"

Ölkədə turizm də güclü sektor ola bilər

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı, İKT, turizm sahəsinin inkişafı üçün böyük fürsətlər var. "Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao "Azərbaycan 2020: İnnovativ və şaxələnmiş iqtisadiyyata doğru" konfransında çıxışı zamanı deyib. 

Bankın prezidenti bildirib ki, son illər ərzində ölkədə ÜDM dəfələrlə artıb, yoxsulluq aşağı salınıb, ölkədə savadlılıq 100 faizə çatdırılıb, ana ölümü, uşaq ölümü azalıb.

O, həmçinin bildirib ki, ölkədə nailiyyətlər böyük neft gəlirləri sayəsində olub, ölkə ixracının 95 faizini neft gəlirləri əhatə edir.

"Bu ölkədə kənd təsərrüfatı, İKT, turizm sahəsinin inkişafı üçün böyük fürsətlər var. Kənd istehsalı ÜDM-in 5 faizinə, sənaye 25 faizinə çatır. Biz Azərbaycanda kənd təsərrüfatı layihələrini dəstəkləyirik. Kənd təsərrüfatı istehsalçılarının bazara çıxış səviyyəsini yaxşılaşdırmışıq. Kənd təsərrüfatı məhsullarının emalının da təkmilləşdirilməsinə nail olunur".

O bildirib ki, bu ölkədə turizm də güclü sektor ola bilər.

"Azərbaycan özünəməxsus ölkədir. Turizm gündəmdə olan sahədir. Ölkə zəngin tarixindən səmərəli faydalanacaq. Bu ölkənin tarixi irsi çox vacibdir", - o deyib.

Onun sözlərinə görə, həmçinin infrastruktur gücləndirilməli, insan ehtiyatlarının gücləndirilməsinə diqqət artırılmalıdır.

O bildirib ki, AİB bu ölkədəki addımları dəstəkləyir.

"Yol təsərrüfatı, nəqliyyat fəaliyyətini dəstəkləyirik. Hazırda yaşıl iqtisadiyyat əsaslı avtobus sisteminə dəstək vermişik. Biz iqtisadiyyatın şaxələnməsini dəstəkləyirik. Biz istəyirik ki, Azərbaycan gələn illərdə daha güclü ölkə olsun".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi