"AFB Bank" istehlak kreditlərini bir qədər də bahalaşdırıb

"AFB Bank" istehlak kreditlərini bir qədər də bahalaşdırıb Bank kreditləşmənin şərtlərinə dəyişiklik edib
Maliyyə
3 Noyabr , 2016 10:52
AFB Bank istehlak kreditlərini bir qədər də bahalaşdırıb

Bakı. 3 noyabr. REPORT.AZ/ "AFB Bank" ASC istehlak kreditləşməsinin şərtlərinə dəyişiklik edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, əgər indiyə qədər bütün fiziki şəxslərə manatla borc illik 26%-lə verilirdisə, hazırda bu, yalnız maaşını "AFB Bank"ın plastik kartı ilə alanlara aiddir. Digər müştərilərə kredit dövlət işində işləyib-işləməməsindən asılı olaraq illik 28-30%-lə ayrılır.

Bu, son bir ayda "AFB Bank"da manatla istehlak kreditləşməsinin 2-ci dəfə bahalaşmasıdır. Bundan əvvəl Bank milli valyutada istehlak kreditlərinin illik faiz dərəcəsini 24%-dən 26%-ə qədər artırıb.

"AFB Bank"ın ABŞ dolları ilə həyata keçirdiyi istehlak kreditləşməsinin şərtlərində də dəyişiklik olub. Əgər indiyə qədər Bank Amerika valyutasında krediti müddətdən asılı olaraq illik 15-17%-lə ayırırdısa, hazırda illik faiz dəcərəsi 16-18%-dir.

"AFB Bank"da istehlak kreditlərinin məbləği 500 manat/dollardan 10 000 manat/dollara qədər dəyişir. Kreditin maksimal müddəti manatda 12 ay, dollarda isə 36 aydır. Kreditə görə komissiya haqqı isə borcun 1%-i qədərdir. 5 min manat/dollara qədər kreditlər üçün 1 fiziki şəxsin zaminliyi, 5-10 min manat/dollar arası kreditlər üçün isə 2 fiziki və yaxud 1 hüquqi şəxsin zaminliyi tələb olunur.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi