Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) informasiya texnologiyaları sahəsində yeni layihələrin icrasını davam etdirir.
“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, qurum üzvü olan banklardan hesabatların vahid formada qəbul edilməsi və idarə edilməsi məqsədilə “Elektron Hesabat Sistemi” (EHS) yaradıb. Bu sistemin sayəsində banklar ADIF-ə təqdim etdikləri rüblük hesabatları Fondun yaratdığı internet portalına Milli Sertifikat Xidmətləri Mərkəzinin buraxdığı və bankın adına alınmış elektron imza sertifikatlarından isitfadə etməklə daxil edə biləcəklər.
Yenilik tərəflər arasında məlumat mübadiləsinin operativ aparılmasını, bankların rüblük hesabatlarına nəzarət olunmasını və hesabatların təhlükəsiz idarə edilməsini, onların daha sürətlə emal edilməsini və analitik məlumatların hazırlanmasını təmin edir.
Qeyd edək ki, ADIF ləğv prosesində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə inteqrasiyanın qurulması üzrə işləri də davam etdirir. Bu layihə bağlanmış bankların müştərilərinə kredit borclarını “Asan ödəniş” terminalları ilə nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödəməyə imkan yaradacaq.
Bundan əvvəl isə ləğv prosesində olan bankların kredit yığımlarının sürətləndirilməsi məqsədi ilə ADIF-in Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyası təmin edilib. Bu da ölkə ərazisində fəaliyyət göstərən bütün bankların 2 000-ə yaxın xidmət şəbəkəsində və “Azərpoçt” MMC-nin 1 300-dən çox məntəqəsində, 1 000-dən çox ödəniş terminalında nağd formada və www.gpp.az internet portalından, bankların elektron bankçılıq xidmətlərindən istifadə etməklə ödəniş kartları və bank hesabları vasitəsilə nağdsız qaydada kredit ödənişlərinin qəbul edilməsinə imkanı verir.
Bundan başqa, ADIF mərkəzləşdirilmiş informasiya sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulması üzərində iş aparır. Bu layihə proseslərin avtomatlaşdırılmasını, mövcud sistemlərin daha müasir və dayanıqlı sistemlərlə əvəz edilməsini, sistemlərin funksional imkanlarının təkmilləşdirilməsini, əlaqədar təşkilatlar arasında informasiya mübadiləsinin müasir tələblər səviyyəsində qurulmasını və qeyd olunan sistemlər üzrə yeni ehtiyat mərkəzdə müvafiq infrastrukturun yaradılmasını nəzərdə tutur.