Yuxarı

​ADB ötən il üzv ölkələrə 27 mlrd. dollardan çox vəsait ayırıb

Bankın kasıb ölkələrin özəl sektoruna ayırdığı vəsaitlərin həcmi keçən il 40% artıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən il Asiya İnkişaf Bankı (ADB) kredit və qrantlar, texniki yardımlar və ortaq maliyyələşdirmə üçün 27,15 mlrd. ABŞ dolları ayırdığını təsdiq edib. "Report"un ADB-nin baş ofisinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü illə müqayisədə 4,26 mlrd. dollar yaxud 18,61% çoxdur.

Məlumata görə, dövlət zəmanətli və özəl sektora ayrılan qrantların və kreditlərin ümumi həcmi 2014-cü ilə nisbətən 23% artaraq 16,58 mlrd. dollara çatıb. Dövlət zəmanəti əsasında ayrılan kredit və qrantlar 21% artaraq 13,95 mlrd. dollara, özəl sektora ayrılan kredit və qrantlar isə 36,97% artaraq 2,63 mlrd. dollara çatıb.

ADB ötən il texniki dəstək məqsədi ilə 144 mln. dollarlıq yardım ayırıb. Birgə maliyyələşdirmə layihələrinə ayrılan vəsaitin həcmi isə 2014-cü illə müqayisədə 13% artaraq 10,43 mlrd. dollar olub.

Hesabat ilində ADB kasıb ölkələrin özəl sektoruna ayırdığı vəsaitlərin həcminin 40% artdığını da elan edib.

Bank ödəmələrin həcminin də 2014-cü ilə nisbətən 21% artaraq 12,34 mlrd. dollara çatdığını, ödəmələr gecikdiyi təqdirdə bunun inkişafa heç bir təsiri olmayacağını qeyd edib.

ADB əməliyyat tələblərini təmin etmək üçün özünün Asiya İnkişaf Fondunun güzəştli mənbələri ilə bazar əsaslı kapital mənbələrini birləşdirib və bu bankın kredit və qrantlar üzrə ayırmalarının 2020-ci ilə qədər illik 20 mlrd. dollara çatmasına şərait yaradacaq.

Bank, həmçinin 2020-ci ilə ətraf mühit və iqlimin qorunması üçün ayırdığı vəsaitləri 2 dəfə artıraraq 6 mlrd. dollara çatacağını açıqlayıb.

Qeyd edək ki, ADB 1966-cı ildə yaradılıb və 67 üzvü var. Ötən ilin mayın 2-5-də Bakıda ADB-nin Direktorlar Şurasının 48-ci illik toplantısı keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi